Accessibility links

ABŞ rəsmi Bakı və Qarabağ ermənilərini razılığa gəlməyə çağırıb


ABŞ Dövlət Departmanetin sözçüsü Metyu Miller Qarabağda humanitar vəziyyətlə bağlı “dərin narahatlıq” ifadə edib.

“Biz ləyaqətli yaşayış üçün zəruri olan ərzaq, dərman və digər malların davamlı blokadası nəticəsində Dağlıq Qarabağda humanitar şəraitin pisləşməsindən dərin narahatıq. Birləşmiş Ştatlar humanitar yardımın Dağlıq Qarabağ əhalisinə çatması üçün son bir neçə həftə ərzində tərəflərlə davamlı işləyib. Biz Laçın dəhlizini təcili olaraq humanitar, ticarət və sərnişin daşınması üçün yenidən açmaq çağırışımızı təkrar edirik”, Dövlət Departamenti sözçüsünün bəyanatında qeyd edilib.

Miller həmçinin qeyd edib ki, rəsmi Bakı və Qarabağ ermənilərinin nümayəndələri təcili şəkildə bir araya gələrək zəruri ərzaqların daşınma yolları, o cümlədən əlavə təchizat marşrutları barədə razılığa gəlməli və digər bütün həlledici məsələlər barədə müzakirələri davam etdirməlidir.

“Zəruri humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir”, Metyu Miller əlavə edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Metyu Millerin bəyanatına cavab olaraq bildirib ki, bölgədə blokada olması iddiaları qəbuledilməzdir və yaranmış vəziyyət humanitar deyil, siyasi xarakter daşıyır.

“Azərbaycanın erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur”, Hacızadə qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 29-u Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə “Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə” istifadə edilir.

“Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”, İlham Əliyev qeyd edib.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri isə Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Bundan sonra Azərbaycan Ermənistanın 26 iyulda göndərdiyi humanitar yük avtomobillərinin icazə alınmadan göndərildiyini deyərək, Laçın sərhəd buraxılış məntəqəsindən keçidinə icazə verməyib.

BQXK avqustun 18-i məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardım Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib. Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliynin "siyasi manipulyasiyalarını" göstərib.

Digər tərəfdən Azərbaycan avqustun 30-u Paris şəhərinin merinin başçılıq etdiyi humanitar yardım konvoyunu Laçın sərhəd məntəqəsindən buraxmayıb.

Ermənistan baş naziri Nikol Paşinyan Fransadan humanitar konvoyun buraxılmaması ilə bağlı şərhində qeyd edib ki, “yüklərin daşınmasının qarşısının alınması Azərbaycanın Qarabağda humanitar böhranı bir daha dərinləşdirməyə yönəlmiş siyasətinə dəlalət edir”.

Rəsmi Bakı isə məsələ ilə bağlı Fransaya etiraz notası təqdim edərək bu addımın "Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğunu" vurğulayıb.

Forum

XS
SM
MD
LG