Accessibility links

Azərbaycan və Ermənistan arasında gərgin durum davam edir, xarici diplomatlar məlumatlandırılıb


Azərbaycan və Ermənistan arasında, həmçinin Azərbaycanın Qarabağ regionunun ermənilər yaşayan hissəsi ətrafında vəziyyət gərgin olaraq qalır. Tərəflər hər gün atışmalar barədə məlumat yayır və silahlı insidentə görə qarşı tərəfi günahlandırır.

Son günlərdə Azərbaycan həm Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ermənilər yaşayan hissəsində, həm Ermənistan-Azərbaycan sərhədi boyunca minlərlə silahlı şəxslərin və hərbi kontingentin cəmləşdirildiyini, Ermənistan isə Azərbaycanın Qarabağın ermənilər yaşayan hissəsi ətrafında, həmçinin Ermənistanla sərhəd boyunca hərbi qüvvələrini cəmləşdirdiyini bildirir.

Sentyabrın 8-də Azərbaycan diplomatik nümayəndəliklərin təmsilçilərinə, Ermənistan isə hərbi attaşelərə vəziyyətin gərginliyi barədə məlumat verib.

Xarici diplomatlar üçün brifinq (Mənbə: Xarici Işlər Nazirliyi)
Xarici diplomatlar üçün brifinq (Mənbə: Xarici Işlər Nazirliyi)

Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramovun, ölkə Prezidentinin köməkçisi Hikmət Hacıyevin və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib ki, Ermənistanın məqsədi Azərbaycan ərazisində “separatizmi bütün mümkün vasitələrlə saxlamaqdır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Laçında qanuni sərhəd məntəqəsi qurulduqdan sonra Azərbaycan sərhədin maneəsiz keçməsini təmin etmək üçün aidiyyatı dövlət qurumları, o cümlədən gömrük və sərhəd xidmətləri arasında işgüzar əlaqələrin yaradılması ilə bağlı Ermənistan tərəfinə dəfələrlə müraciət edib, lakin jestlər Yerevan tərəfindən cavabsız qalıb.

Xarici İşlər Nazirliyi qeyd edir ki, ABŞ ilə yüksək səviyyəli əlaqələr zamanı Ağdam-Xankəndi və Laçın yollarının eyni vaxtda istifadəsi məsələsi növbəti dəfə ətraflı müzakirə olunub. Azərbaycan onların sinxron açılmasına hazır olduğunu bildirib. Amerika tərəfi bunu müsbət qarşılayıb və bu mesajın erməni tərəfinə çatdırılmasını tapşırıb. Lakin bu sazişin də reallaşması baş tutmayıb.

Ermənistanda hərbi attaşelər üçün brifinq (Mənbə:Ermənsistan Müdafiə Nazirliyi)
Ermənistanda hərbi attaşelər üçün brifinq (Mənbə:Ermənsistan Müdafiə Nazirliyi)

Sentyabrın 8-də Ermənistan Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşelərinin və Ermənistanda akkreditə olunmuş nümayəndələrin iştirakı ilə növbəti brifinq keçirilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumata görə, brifinq zamanı hərbi attaşelərə Ermənistan-Azərbaycan sərhədində mövcud əməliyyat vəziyyəti təqdim olunub.

“Bildirilib ki, son iki gündə Azərbaycan silahlı qüvvələrinin cəmləşməsi ilə əlaqədar vəziyyət gərgin olaraq qalmaqda davam edir, buna görə də Ermənistan Silahlı Qüvvələri onu sabitləşdirmək və təxribatların qarşısını almaq üçün lazımi tədbirləri davam etdirir,” nazirliyin məlumatında qeyd edilir.

Ötən saatlarda Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonda danışıb. Tərəflər regiondakı gərgin durumu müzakirə ediblər.

Bundan bir gün öncə, sentyabrın 7-də ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefonda danışıb. Söhbətin başlıca mövzusu Qarabağdakı mövcud durum və Ermənistan-Azərbaycan münasibətlərindəki gərginlik olub.

Ermənistan xarici işlər nazirliyinin yaydığı məlumata əsasən, Mirzoyan Kimlə söhbətdə Azərbaycanın Laçın yolunu bağladığını və bununla da Qarabağ ermənilərini blokadada saxladığını deyib. Azərbaycan naziri Bayramov isə bu ittihamı rədd edərək Yerevanın ölkəsinin daxili işlərinə qarışdığını bildirib.

Forum

XS
SM
MD
LG