Accessibility links

Azərbaycan-Ermənistan sərhədində gərginliyin davam etdiyi bildirilir


Azərbaycan və Ermənistan arasında silahlı atışmanın olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 5-də Ermənistan silahlı qüvvələri “Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.”

Nazirliyin bildirdiyinə görə, Azərbaycan tərəfi cavab tədbirləri görüb.

Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir ki, Azərbaycan qüvvələri sentyabrın 5-də gecə yarısı “Kut kəndi yaxınlığında erməni zastavalarını kiçik silahlarla hədəfə alıb.”

Bundan öncə isə sentyabrın 1-də Azərbaycan və Ermənistanın delimitasiya edilməmiş şərti sərhəddinin Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis rayonunun Zod kəndi istiqamətində silahlı qarşıdurma qeydə alınıb. Bu barədə hər iki ölkənin müdafiə nazirlikləri məlumat yayıb və insidentə görə qarşı tərəfi günahlandırıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qarşıdurma nəticəsində Ermənistanın 3 hərbçisi həlak olub, daha ikisi yaralanıb. Azərbaycan tərəfi isə üç hərbçinin yaralandığını bildirib.

Son baş verənlər bölgədə gərgin vəziyyətin davam etdiyi vaxta təsadüf edir.

Azərbaycan hökumətinin əvvəllər Ermənistanın Qarabağa təmas xətti olan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmasından sonra rəsmi Yerevan və Qarabağ erməniləri regionun blokadaya düşdüyünü və ərazidə humanitar böhran yarandığını bildiriblər. Onların sözlərinə görə, Ermənistandan gələn yüklərin əraziyə buraxılmaması Qarabağda ərzaq və dərman çatışmazlığına yol açıb.

Azərbaycan hökuməti Laçın yolunda sərhəd buraxılış məntəqəsinin qurulmasını özünün suveren hüququ kimi dəyərləndirib və erməni tərəfini əvvəllər yoldan sui-istifadə edərək əraziyə minalar, hərbi heyət və silah daşımaqda günahlandırıb.

Azərbaycan Qarabağ ermənilərinin ehtiyaclarının ödənməsi üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib.

Bir sıra Qərb dövlətləri, o cümlədən Fransa və Birləşmiş Ştatlar rəsmi Bakını Laçın yolunda sərbəst gediş-gəlişi bərpa etməyə çağırıb.

Forum

XS
SM
MD
LG