Accessibility links

Freedom House Qarabağda vəziyyətlə bağlı narahatlıq ifadə edib


Laçın sərhəd buraxılış məntəqəsi
Laçın sərhəd buraxılış məntəqəsi

Freedom House təşkilatı Qarabağdakı vəziyyət və Azərbaycanla Ermənistan arasında artan hərbi gərginlik barədə narahatlıq ifadə edib.

“Azərbaycan hərbçilərinin Ermənistan sərhədi boyunca texnika yığması ilə bağlı xəbərlər bizi dərindən narahat edir. Biz Ermənistanın suveren ərazisinə hücum planlarını pisləyir və vasitəçi tərəfləri Ermənistan sərhədlərinin növbəti dəfə pozulmasının qarşısını almaq üçün işləməyə çağırırıq”, Freedom House təşkilatının prezidenti Maykl Abramovitz vurğulayıb.

Bəyanatda həmçinin Qarabağda mövcud vəziyyətin humanitar böhranı dərinləşdirdiyi və etnik təmizləmə riski yaratdığı qeyd edilib. Məsələnin beynəlxalq reaksiya gərəkdirdiyini bildirən Freedom House BMT İnsan Hüquqları Şurasını Qarabağda insan haqlarının vəziyyətini qiymətləndirmək üçün xüsusi məruzəçi təyin etməyə çağırıb.

“Biz Azərbaycan hökumətini sülh danışıqlarına səmimi şəkildə qoşulmağa, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsini öz məqsədləri üçün istifadə etməməyə və Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz ikitərəfli hərəkətini təmin etmək üçün blokadanı qeyd-şərtsiz açmağa çağırırıq”, Maykl Abramovitz əlavə edib.

Sentyabrın 1-i Azərbaycan və Ermənistanın delimitasiya edilməmiş şərti sərhəddinin Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistanın Vardenis rayonunun Zod kəndi istiqamətində baş verən silahlı qarşıdurma nəticəsində Ermənistanın 3 hərbçisi həlak olub, daha ikisi yaralanıb. Azərbaycan tərəfi isə üç hərbçinin yaralandığını bildirib.

Ermənistan Müdafiə Nazirliyi ötən həftə xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə keçirdiyi brifinqdə bildirib ki, “Azərbaycan silahlı qüvvələrinin cəmləşməsi ilə əlaqədar vəziyyət gərgin olaraq qalmaqda davam edir”.

Azərbaycan da öz növbəsində həm Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ermənilər yaşayan hissəsində, həm Ermənistan-Azərbaycan sərhədi boyunca minlərlə silahlı şəxslərin və hərbi kontingentin cəmləşdirildiyini bildirir.

Tərəflər həmçinin son günlərdə atəşkəsin pozulması barədə məlumat yayır və silahlı insidentə görə qarşı tərəfi günahlandırır.

Rəsmi Bakı Qarabağda blokada və humanitar böhran olması ilə bağlı iddiaları rədd edir və yaranmış vəziyyətin Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi kampaniyasının nəticəsi olduğunu qeyd edir.

Azərbaycan Qarabağ ermənilərinin ehtiyaclarının ödənməsi üçün Ağdam-Xankəndi yolundan istifadə olunmasını təklif edib.

Avqustun 29-u Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi marşrutu ilə apardığı 40 ton un məmulatlarından ibarət humanitar yardımı Qarabağın erməni təmsilçiləri tərəfindən qəbul edilməyib.

Digər tərəfdən, sentyabrın 12-i Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) Azərbaycanın Qarabağ regionunun ermənilər yaşayan hissəsinə göndərdiyi humanitar yardım avtomobili iki gün Azərbaycanın Bərdə şəhərində gözlədikdən sonra Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi əraziyə daxil olub.

Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olunub.

“Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk”, o qeyd edib.

Hacızadə Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə deyib ki, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəsi bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib.

“Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, o qeyd edib.

Forum

XS
SM
MD
LG