Accessibility links

Hikmət Hacıyev: Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması səylərini davam etdiririk


Hikmət Hacıyev
Hikmət Hacıyev

"Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə yük maşınları üçün ən qısa zamanda və eyni vaxtda açılmasını təmin etmək məqsədi ilə səylərimizi davam etdiririk".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X (keçmiş twitter) hesabında yazıb.

“O vaxtdan 12 gün keçsə də Ermənistana tabe olan qanunsuz rejim bu keçidə və yolların açılmasına icazə vermir. Biz beynəlxalq tərəfdaşlarımızı bu destruktiv siyasətə son qoymaq üçün Ermənistana və onun tabeliyindəki qanunsuz rejimə qarşı səylərini və təzyiqlərini ikiqat artırmağa çağırırıq. Boz ərazi status-kvonu saxlamaq və humanitar məsələlərdən məqsədyönlü şəkildə silah kimi istifadə etmək onların əbəs strategiyasıdır”, Hacıyev qeyd edib.

Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını Ağdam-Əsgəran yolu ilə Xankəndinə daxil olub. Özünü Əsgəran şəhərinin meri kimi təqdim edən Hayk Şamiryan bildirib ki, Ağdam-Əsgəran yolunu bağlayan insanlar Rusiya yükü daşıyan nəqliyyat vasitəsinin əraziyə daxil olmasına mane olmayıblar, amma onlar yolu bağlı saxlamağa davam edirlər:

“Uşaqlar, əvvəlki kimi, eyni yerdə növbətçiliyə davam edirlər. Biz yolu beton maneələrlə bağlı saxlamağa davam edirik. Bizim mübarizəmiz Qızıl Aypara Cəmiyyətinin yüklərinin Akna(Ağdam)-Əsgəran marşrutundan keçməsinin qarşısını almaqdır”.

Həmçinin özünü Qarabağda yaşayan ermənilərin "Milli Assambleyasının spikeri" kimi təqdim edən David İşxanyan avqustun 30-da keçirdiyi mətbuat konfransında bildirib ki, Ağdam-Əsgəran yolundan istifadə etməmək və onu bağlı saxlamaq barədə dəqiq qərar var. O, Əsgərandakı Tank abidəsi yaxınlığında toplaşaraq yolu bağlayan insanlara baş çəkib.

Bu arada, sentyabrın 13-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun bildirib ki, ölkəsi Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus yük maşının keçidini alqışlayır.

“Növbəti addım kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”, səfiri X (keçmiş twittwr) hesabında qeyd edib.

Daha öncə ABŞ Dövlət Departamenti sözçüsü Metyu Miller və ABŞ dövlət katibinin Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də humanitar yardımın Xankəndinə çatdırılmasını müsbət qiymətləndirmiş, o cümlədən həm Laçın, həm də Ağdam yollarının eyni vaxtda açılmasına çağırış etmişdilər.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.

Forum

XS
SM
MD
LG