Accessibility links

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri regiona səfər edib


Louis L. Bono
Louis L. Bono

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono (Lou Bono) bu həftə regiona səfər edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə məlumat verilib.

“Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono (Lou Bono) bu həftə regiona səfər edərək, Dağlıq Qarabağdakı humanitar vəziyyəti və davamlı, ləyaqətli sülhə nail olmaq üçün tərəflərə ABŞ-ın dəstəyini müzakirə etmək və əsas maraqlı tərəflərlə görüşmək üçün Bakı və Yerəvana gəlib”, məlumatda deyilir.

Öz növbəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Cənubi Qafqazda danışıqlar üzrə müşaviri Luis Bononu qəbul edib.

"Qriqoryan və Bono Dağlıq Qarabağ ətrafında vəziyyəti, humanitar böhranı və onun aradan qaldırılmasına yönələn səyləri, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair məsələləri müzakirə ediblər", Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında deyilir.

Rəsmi Bakı isə hələlik Luis Bononun səfəri ilə bağlı rəsmi açıqlama verməyib.

“ABŞ Ermənistanla Azərbaycan arasındakı vəziyyətin nizamlanması istiqamətində səylərini davam etdirəcək”.

Bu barədə sentyabrın 12-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə Turan agentliynin sualının cavabında bildirib.

“Qeyd etdiyim kimi Dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla bu prosesdə şəxsən iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib. Ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: Qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi”, o bildirib.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.

Forum

XS
SM
MD
LG