Accessibility links

Vladimir Putin: Sülh müqaviləsinin bağlanmasına mane ola biləcək problem görmürəm


Vladimir Putin (Mənbə: Rusiya Prezidentinin Administrasiyası)
Vladimir Putin (Mənbə: Rusiya Prezidentinin Administrasiyası)

Rusiya Prezidenti Vladimir Putin Rusiya sülhməramlı kontingentinin 2025-ci ilin noyabrınadək regionda qalacağını bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanacağını real sayır. Bu barədə Rusiya Prezidentinin rəsmi internet saytında məlumat yayılıb.

Rusiya Prezidenti oktyabrın 13-də Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasından sonra mətbuat konfransında Azərbaycan Prezidenti ilə görüşünün yekunları barədə suala cavabında deyib ki, Qarabağ ərazisi faktiki olaraq Azərbaycanın ərazisidir.

“Qarabağ keçən ildən sonra tamamilə Azərbaycanın tərkib hissəsi oldu, məncə, noyabrda Praqada keçirilən görüşdə Baş nazir Paşinyan Qarabağın statusunu kökündən dəyişdirən, yəni Qarabağın statusunu müəyyən edən bəyanatla çıxış etdi: Ermənistan tanıdı ki, Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir. Bütün əvvəlki illərdə hər şey eyni məsələnin – Qarabağın statusunun ətrafında gedirdi. Mən təfərrüatlara varmayacağam, amma demək istəyirəm ki, biz ötən onilliklər ərzində dəfələrlə Qarabağla bağlı razılaşmaya yaxın olmuşuq. Həmişə problem nə olub? Onlar razılaşdılar ki, referendum keçirilsin, amma bir tərəf dedi ki, bu referendumun tarixini deyə bilməz - bu Azərbaycandır. Çünki indiki şəraitdə referendum keçirilsə - sabah və ya hətta 20 il sonra olmasından asılı olmayaraq - referendumun nəticəsi bəlli olacaq. Və buna görə də bunu sadəcə gələcək nəsillərin qərarı ilə əlaqələndirmək təklif edildi. Erməni tərəfi isə əksinə, referendumun vaxtının təyin olunmasında, bu referendumda Qarabağın statusunun müəyyən edilməsində təkid edirdi. Çünki onlar həm də ondan çıxış ediblər ki, 20 ildən sonra referendum keçirilsə belə, əhalinin indiki tərkibi ilə nəticə göz qabağında olacaq. Problemin mahiyyəti bu idi, hər şey bunun ətrafında idi. Əsas problem bu idi - bu, yəni statusun müəyyənləşdirilməsi. Keçən il isə Praqada Ermənistan rəhbərliyi bu mövzunu bağlayaraq dedi: “Qarabağ Azərbaycanın bir hissəsidir”. Orada hətta kvadrat kilometrlər göstərilib və keçmiş sovet respublikalarının dövlət sərhədlərinin Sovet İttifaqında formalaşmış sərhədlərə uyğun müəyyən edildiyi 1991-ci il müqaviləsinə istinad edilib. Budur, mövzu bağlandı”, Prezident Putin qeyd edib.

Vladimir Putin (Mənbə: Rusiya Prezidentinin Administrasiyası)
Vladimir Putin (Mənbə: Rusiya Prezidentinin Administrasiyası)

O deyib ki, 2020-ci ilin noyabrında sülhməramlıların bu ərazidə olması barədə razılığa gələndə, onların mandatı yalnız bir şeydən ibarət idi - atəşkəs rejiminə nəzarət etmək.

“İkincisi, Qarabağın statusu nəhayət müəyyən olunmamışdı – problemin məğzi də budur, bir daha təkrar edirəm. Və Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyanda məlum oldu ki, bizim sülhməramlılarımız, heç şübhəsiz, artıq Azərbaycan Respublikasının ərazisindədir. Təbii ki, indi - xüsusən də, açığını desəm, erməni əhalisinin köçü ilə bağlı ağır hadisələrdən sonra - vəziyyət artıq tamamilə, kökündən dəyişib. Amma formal olaraq, sülhməramlılarımız 2025-ci ilin noyabrına qədər orada olacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarımızla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Biz buna danışıqlar zamanı qərar verəcəyik”, Rusiya Prezidenti qeyd edib.

Yerevanla Bakı arasında sülh sazişinin perspektivi barədə sualın cavabında Prezident Putin sülh sazişinin bağlanması ümidi ilə sülh danışıqlarının bərpasına yardım etməyə hazır olduğunu bildirib və həmkarlarını Moskvaya dəvət etdiyini aşıqlayıb.

“Baş nazir Paşinyan bunu bilir - mən ona dedim, Azərbaycan prezidentinin bundan xəbəri var. Mənə elə gəlir ki, bu, tamamilə mümkündür. Mən indi, Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək problem görmürəm. Mən sadəcə belə problemləri görmürəm. Məncə sərhədlər bağlı sırf texniki xarakterli suallar var, - demarkasiya, delimitasiya ilə bağlı, amma məncə bunlar texniki suallardır, - bir istiqamətdə 100 metr, digər istiqamətdə bir kilometr, bu artıq əhəmiyyət kəsb etmir. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları etmək və ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək, infrastruktur layihələrini həyata keçirmək üçün vaxtilə razılaşdığımız kimi növbəti addımlar atıla bilər”, o qeyd edib.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gedən sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Ermənistan hökuməti baş verənləri Azərbaycanın “etnik təmizləmə” siyasəti aparması ilə əsaslandırıb. Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Son günlər Qarabağ bölgəsinə iki dəfə səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. BMT missiyası hesab edir ki, Qarabağda 50 nəfərdən 1000 nəfərədək erməni əsilli sakin qalıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Bununla yanaşı son günlərdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistanda səfərdə olub, regiondakı durumu müzakirə edib.

“Oktyabrın 9-da Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik toxumu səpməyə davam edir.

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır”, o qeyd edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller oktyabrın 10-da ənənəvi brifinqdə Lavrovun bəyanatına cavabda deyib ki, ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir.

Miller əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.

Bununla yanaşı, oktyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan suverenlik, bərabərlik və qarşılıqlılıq əsasında Azərbaycan və Türkiyə ilə regional kommunikasiyaları açmağa hazırdır.

Paşinyan Ermənistanın "3+3" formatında (Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İran) görüşlərə hazır olduğunu da bildirib, bu formatda növbəti görüşün Tehranda keçirilməsi haqqında razılıq əldə olunduğunu qeyd edib. O, bu formatda danışıqların hansı səviyyədə olmalı olduğuna dəqiqlik gətirilməsi zərurətinə toxunub.

Qarabağda Rusiya sülhməramlılarının gələcək aqibətinə toxunan Paşinyan deyib ki, Rusiya Azərbaycanla bu məsələ ilə bağlı danışıqlar aparır.

"Sülhməramlılar getsə, onların Ermənistandan və ya Azərbaycandan keçib gedəcəyi prinsipial məsələ deyil, lakin sülhməramlı kontingentin Ermənistan ərazisində yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur", o bildirib.

Rusiyanın 102-ci hərbi bazasının gələcəyi haqqında suala cavabda baş nazir bazanın qalacağını təsdiq edib. Ermənistan Rusiyanın 102-ci hərbi bazasının və Rusiya sərhədçilərinin ölkədə qalması məsələsini qaldırmır, belə ki, onların Ermənistanda qalması üçün bütün hüquqi əsaslar var.

Forum

XS
SM
MD
LG