Accessibility links

Azərbaycan Fransa xarici işlər nazirinin iddialarına cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 11-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı Azərbaycanın ünvanına səsləndirdiyi iddiaları "qətiyyətlə pisləyib".

Bir gün öncə Fransa Senatı qarşısında etdiyi çıxışda ölkənin baş diplomatı BMT Təhlükəsizlik Şurasında Qarabağı tərk etmiş ermənilərin qayıtması üçün şərait yaradılmasına dair qətnamə qəbul edilməsi ilə müşayiət olunacaq yeni diskussiya açılmasına təşəbbüs göstərdiyini elan etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Qarabağdan kütləvi şəkildə getməsinin "Bakı tərəfindən planlaşdırılması" ilə bağlı Kolonanın iddiasını əsassız adlandırıb.

“Əslində ermənilər könüllü və heç bir təzyiq olmadan bölgəni tərk ediblər,” Azərbaycan Xarici İşlər Nazirliyi bildirib. “Xanım Kolonanın fikirləri beynəlxalq təşkilatların, hətta Qarabağda mülki əhaliyə heç bir təhlükənin olmaması ilə bağlı Ermənistan Baş nazirinin 21 sentyabr tarixli bəyanatına ziddir."

Kolonna bildirib ki, yaradılan şəraitə Qarabağda ermənilərin hüquqları üçün güclü təminatlar verilməsi və tarixi-mədəni abidələrin qorunması üçün yerdə daimi beynəlxalq mövcudluğun bərqərar olunması daxildir.

"Azərbaycan 100 mindən çox erməninin Dağlıq Qarabağdan çıxmasını planlaşdırıb və təşkil edib. Bu ağır cinayət cavabsız qala bilməz. Ermənistanla Azərbaycan arasında münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Bakı başa düşməlidir ki, güc tətbiq etmək yoluyla gedə bilməz", o qeyd edib.

Rəsmi Bakı isə Parisin bu cür mövqe sərgiləməsini onun Azərbaycana qarşı qərəzli siyasətini davam etdirməkdə maraqlı olması ilə əsaslandırıb.

“Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq”, Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunur.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gedən sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Ermənistan hökuməti baş verənləri Azərbaycanın "etnik təmizləmə" siyasəti aparması ilə əsaslandırıb. Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Son günlər Qarabağa bölgəsinə iki dəfə səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası Hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Forum

XS
SM
MD
LG