Hüquq müdafiəçiləri Anar Məmmədli və Samir Kazımlı İsrail-Fələstin münaqişəsi ilə bağlı Amerikanın Səsinə danışıb.
Hüquq müdafiəçisi Anar Məmmədli uzun tarixi olan münaqişənin həlli istiqamətində illərlə göstərilən təşəbbüslərin nəticəsiz qaldığını və regionda sabitlik və təhlükəsizliyə hədə olduğunu qeyd edib. O, münaqişənin nizamlanmasını vacibliyini vurğulayaraq, tərəflərin üzərinə məsuliyyət düşdüyünü bildirib.
"Sadəcə olaraq, burda münaqişə ilə bağlı məsələyə BMT və digər beynəlxalq institutların yanaşmasını önəmli sayıram. Çünki bu qurumlar, demək olar ki, 70-80-ə ilə yaxındır ki, münaqişənin həlli ilə bağlı çoxsaylı çağırışlar edirlər, qətnamələr qəbul edirlər və bu qətnamələrin icrasında çox ciddi problemlər var. İllər boyu tərəfləri sülhə çağırışla bağlı çoxlu təşəbbüslər olub, ancaq əfsuslar olsun ki, sülh əldə olunmayıb. Yəni bu münaqişə olduqca qanlı-qadalı şəkildə minlərə insanın ölümünə səbəb olub, yaralanmasına, şikəst olmasına, evindən-eşiyindən didərgin düşməsinə. Çox qanlı bir münaqişədir və Yaxın Şərqdə, demək olar ki, siyasi sabitliyə, davamlı inkişafa təhlükə yaradan ən ciddi münaqişədir. Bunun həllini hər kəs arzu edər. Mən də bizim dünya üçün, qonşu ölkələr üçün, yəni bizim region üçün bu münaqişənin həllini zəruri sayıram və düşünürəm ki, tərəflər kompromisə getməklə, qarşılıqlı güzəştə getməklə münaqişənin həllinə nail ola bilərlər. Amma təəssüf ki, hər iki tərəfdə maksimalist yanaşan, olaylara çox milliyyətçi, etnik zəmində yanaşan qruplar var, eyni zamanda dini barışmazlıq, dini ziddiyyətlər kontekstində məsələni qiymətləndirən qruplar var. İstər İsrail tərəfdə olsun, istər Fələstin tərəfdə. Xüsusilə də ərəb dövlətləri arasında. Onlar da bu münaqişəyə cəlb olunublar. Ona görə münaqişənin həlli bir çıxılmaza dirənib, amma ən yaxşısı, bunu hansısa formada həll etməkdir. Gələcək nəsillərə ötürməməkdir. Bu baxımdan mənim münaqişə ilə bağlı düşünürəm ki, İsrailin üzərinə çox ciddi məsuliyyət düşür, öhdəliklər düşür. BMT-nin qəbul etdiyi qətnamələri icra etmək İsrail dövlətinin borcudur. Eyni şəkildə Fələstində yerləşən terror qruplarını dəstəkləməmək, bu qrupların fəaliyyətini hansısa formada maliyyələşdirməmək, silahlandırmamaq qonşu dövlətlərin, o cümlədən ərəb dövlətlərinin ümdə vəzifəsi olmalıdır. Amma əfsuslar olsun ki, bir tərəf terroru dəstəkləyir, terrorçu qrupları dəstəkləyir, radikal dini qrupları dəstəkləyir, digər tərəf isə özünün siyasi ayrı-seçkilik siyasətindən əl çəkmir. Yəni bu baxımdan insanlıq üçün bir faciədir. Mən bu münaqişəni belə görürəm, Yaxın Şərq üçün, orda yaşayan insanlar üçün, ərəblər və yəhudilər üçün çox acınacaqlı bir münaqişədir və çox qanlı bir münaqişədir", Anar Məmmədli bildirib.
Hüquq müdafiəçisi düşünür ki, Azərbaycan cəmiyyətində İsrail-Fələstin münaqişəsi ilə bağlı məlumat azdır.
"İnsanlar bu münaqişəyə iki kontekstdən yanaşırlar: bir dini həmrəylik var, yəni Fələstin ərəbləri ilə eyni dindən olmağımız insanlarda onlara bir rəğbət hissi yaradır. Onların mövqeyini müdafiə edən insanlar, qruplar var. İkincisi isə, deməli, İsrailin bir dövlət olaraq Azərbaycanı bir sıra məsələlərdə dəstəkləməsi, xüsusilə də İsraildə mövcud hakimiyyətlərlə, demək olar ki, 20 ildən çoxdur, Azərbaycan hakimiyyəti arasında sıx münasibətlər, əməkdaşlıq kontekstində məsələyə yanaşanlar var. Xüsusilə Qarabağ münaqişəsində Azərbaycana göstərilən hərbi-siyasi dəstəyə görə İsrail Azərbaycanda sevilir və rəğbət bəslənilir. Yəni əhali arasında belə bir münasibət var. Amma dediyim kimi, bu münaqişə ilə bağlı dərin və ətraflı məlumat yoxdur. Münaqişədə hər iki tərəfin məsuliyəti var. Xüsusilə də bu münaqişənin yaranmasında yüz il öncə, məsələn, ərəb dövlətlərinin çox ciddi məsuliyyəti vardı ki, onlar İsrail adlı dövlətin yaranmasını qəbul etmirdilər. Amma bunu Azərbaycan cəmiyyətində bilənlər çox azdır. İkincisi, ərəb dövlətləri qızışdırandan sonra müharibələr başladı, həmin müharibələrdə İsrail uğur əldə etdi və bununla da daha artıq torpaqlar tutmağa başladı və sonradan tutduğu ərazilərdə, ərəb torpaqlarında, Fələstin torpaqlarında əhali yerləşdirməyə başladı. Yaşayış məntəqələrinin sayını artırdı. Bu da BMT tərəfindən qanunsuz tikililər, qanunsuz yerləşdirmə kimi qəbul olundu. Amma bunu da Azərbaycan cəmiyyətində çox az adam bilir. Yəni hər iki tərəfin qarşılıqlı məsuliyyəti var, amma ümumilikdə bu terror pislənməlidir. Mənim Azərbaycan cəmiyyətindən əsas gözləntim odur ki, mülki insanların ölümü, qadınların, uşaqların, hərbi əməliyyatlara cəlb olunmamış, mülki həyatda olan insanların qaçırılması, oğurlanması, öldürülməsi pislənməlidir. Hansı tərəfdən olmağından asılı olmayaraq. Beş il əvvəl İsrail belə hərəkətlər edirdi, Qəzza bölgəsində tutulan insanları, mülki adamları həlak olurdu, həbslər edirdi. Çoxlu həbsdə olmuş insanlara qarşı işgəncə halları, pis rəftar törədilirdi. Bu da pislənməlidir. İsrail hökumətinin, dövlətinin törətdiyi bu əməllər də pislənilməlidir. Eyni şəkildə HƏMAS və digər radikal qrupların törətdiyi əməllər də pislənilməlidir. Yəni biz maksimum şəkildə çalışmalıyıq ki, bu cür məsələlərdə daha çox ədalətdən yana olaq, insan hüquqlarından yana olaq, humanitar hüquqdan yana olaq. Yəni siyasi tərəf tutmaqdan daha çox bu məsələni qoyaq. Və mən düşünürəm ki, Azərbaycan bu məsələlərə münasibətdə bir qədər rəsmi səviyyədə çəkingənlik oldu, məsələn, hökumət açıq şəkildə terroru pisləmədi. Amma halbuki bunu etmək olardı. Çünki terror hər bir dövlət üçün, hər bir sivil dövlət üçün bir qırmızı xətt olmalıdır terroru pisləmək. Amma Azərbaycan hakimiyyətinin dünənki açıqlamasına, Xarici İşlər Nazirinin açıqlamasına mən baxdım, bu motiv yox idi. Düzdü, zorakılığı pisləyirlər, mülki insanların ölümünü pisləyirlər. Amma vurğulamaq lazımdır ki, terroru ümumiyyətlə lənətləyirlər və terroru pisləyirlər. Çünki terror kimin tərəfindən törədilməsindən asılı olmayaraq, irqindən, dinindən, mənşəyindən, siyasi mənşəyindən asılı olmayaraq pislənilməlidir. Terror insanlara qarşı cinayətdir. Bu məsələyə də Azərbaycan hakimiyyətindən də, Azərbaycan cəmiyyətindən də daha çox həssas yanaşmanı mən gözləyirəm", Anar Məmmədli qeyd edib.
Hüquq müdafiəçisi Samir Kazımlı münaqişənin beynəlxalq hüquq əsasında tənzimlənməli olduğunu bildirib. Onun sözlərinə görə, istənilən zorakılıq, istənilən hüquq pozuntusu yolverilməzdir.
"Bunu həyata keçirən hər kəs qanun qarşısında cavab verməlidir. Təbii ki, hər şey beynəlxalq hüquqla tənzimlənməlidir, bunu həyata keçirən səlahiyyətli beynəlxalq təşkilatlar, məhkəmələr var. Müharibə cinayətlərinə, terrora yol vermiş şəxslər hüquq qarşısında cavab verməlidirlər. Zorakılıq, terror çıxış yolu deyil, buna əl atan hər kəs cəzalandırılmalıdır. Zorakılıq əməllərinin qarşısı alınmalıdır".
Forum