Accessibility links

Azərbaycan xarici işlər naziri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Oktyabrın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, görüşdə tərəflər Azərbaycan Ermənistan arasında sülh sazişi layihəsinin perspektivləri, iki ölkə arasında normallaşma məsələləri, bölgədəki son vəziyyət, Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əhalisinin reinteqrasiyası istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Əlavə edilir ki, Bayramov Azərbaycan tərəfinin sülh gündəliyi üzrə Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən görüşlərin müsbət nəticələnməsində maraqlı olduğunu, 30 il sonra bölgədə sülh və sabitliyin təmin edilməsi naminə tarixi imkanın yarandığını vurğulayıb.

“Bu xüsusda, Ermənistan tərəfindən revanşizmə gətirə biləcək açıqlama və bəyanatların verilməsindən, ölkəmizə qarşı aparılan qondarma qarayaxma kampaniyasından çəkinməyin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb, hazırda tərəfimizdən yaradılmış elektron portal vasitəsilə yerli erməni sakinlərin qeydiyyatı prosesinin davam etdirildiyini bildirib” , məlumatda deyilir.

Qeyd edək ki, bir müddət öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda olub. O bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə Qarabağ bölgəsndə yaşayan erməni sakinlərinin gələcək taleyi ilə bağlı fikir mübadiləsi aparıb.

Azərbaycan sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Forum

XS
SM
MD
LG