Accessibility links

Azərbaycan Xankəndi şəhərində həssas əhali qrupu üçün sığınacaq yaradıb


Xankəndi şəhərində sığınacaq (Mənbə: Əmək və Əhalinin Sosial Təminat Nazirliyi)
Xankəndi şəhərində sığınacaq (Mənbə: Əmək və Əhalinin Sosial Təminat Nazirliyi)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.

Nazirliyin məlumatında deyilir ki, bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və oktyabrın 10-dan sığınacağa sakinlərin qəbulu başlayıb.

“Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir. Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi cari il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixo-sosial vəziyyətini qiymətləndiriblər. Yer və qida təminatı barədə məlumatlar da verilib”.

Nazirlik bildirir ki, artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gedən sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Ermənistan hökuməti baş verənləri Azərbaycanın “etnik təmizləmə” siyasəti aparması ilə əsaslandırıb. Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Son günlər Qarabağa bölgəsinə iki dəfə səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. BMT missiyası hesab edir ki, Qarabağda 50 nəfərdən 1000 nəfərdək erməni əsilli sakin qalıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Forum

XS
SM
MD
LG