Accessibility links

Nikol Paşinyan: Ermənistan ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır


Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamağa və münasibətləri tənzimləməyə hazır olduğunu deyib.

Oktyabrın 17-si Strasburqda Avropa Parlamenti qarşısında çıxış edən Nikol Paşinyan Cənubi Qafqazda sülhün, iqtisadi, siyasi və mədəni əlaqələrin vacib olduğunu qeyd edib.

“Qarşılaşdığımız müharibələrə, çətinliklərə və böhranlara baxmayaraq, mən Avropa Parlamentinə mühüm mesajı çatdırmaq üçün gəlmişəm. Regionumuzun, Cənubi Qafqazın sülhə böyük ehtiyacı var. Ölkəmiz yalnız o zaman həqiqətən dinc ola bilər ki, bütün region sülh içində olsun. Mənim əsas siyasi öhdəliyim qonşu ölkələrlə uzun müddətdir davam edən münaqişələrin yaratdığı çətinliklərə baxmayaraq, sülhün qurulmasını dəstəkləməkdir”, Paşinyan vurğulayıb.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi baş tutan Brüssel görüşlərində, habelə Praqa və Kişinyov görüşlərində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilən razılaşmalara istinad edən Nikol Paşinyan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, habelə nəqliyyat kommunikasiyalarını onların keçdiyi ərazinin suverenliyi prinsipi əsasında açılmasını nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib. Paşinyan o cümlədən Yerevan-Meğri dəmir yolunu Ermənistanın öz yurisdiksiyası altında açmağa hazır olduğunu bildirib.

“Biz bu ayın sonunda Brüsseldə görüşü gözləyirik və yuxarıda qeyd olunan prinsiplər rəsmən təsdiq olunarsa, bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və normallaşma sazişinin imzalanması olduqca real görünür”, Ermənistan Baş Naziri əlavə edib.

Nikol Paşinyan həmçinin hərbi əsirlərin, məhbusların və həbs edilmiş şəxslərin hərtərəfli mübadiləsinə, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, habelə minalardan təmizləmə işləri ilə bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Beynəlxalq ictimaiyyəti, Avropa İttifaqı və regionun digər ölkələrini davamlı sülhün reallığa çevirilməsi üçün dəstək verməyə çağıran Nikol Paşinyan davamlı dəstək və beynəlxalq diqqətin qeyd edilən prinsiplər əsasında sülh müqaviləsinin imzalanması, həm Ermənistan, həm Azərbaycanın 1991-ci il sərhəd xəttindən qoşunlarını geri çəkməsi üçün vacib olduğunu vurğulayıb. Bundan əlavə, Paşinyan qarşılıqlı əsasda iki ölkə arasındakı anklavlar məsələsini həll etməyə hazır olduğunu bildirib.

Ermənistan Baş Naziri çıxışı zamanı həmçinin Qarabağ münaqişəsindən, Azərbaycanın ötən ay apardığı hərbi əməliyyatlardan, Ermənistanda demokratiya və ona qarşı təhdidlərdən, habelə Ermənistanın mütəffiqlərinin hərəkətsizliyindən danışıb.

Paşinyan Azərbaycanın ötən ay apardığı hərbi əməliyyatları və sonrasında 100 mindən artıq Qarabağ ermənisinin Ermənistana köçməsinin “etnik təmizləmə” olduğunu deyib. Avropa Parlamentinə Qarabağda baş verənləri “öz adı ilə adlandırdığına” görə təşəkkür edən Paşinyan bunun öz vətənindən didərgin düşmüş insanların hüquqlarının gələcək müdafiəsi üçün çox vacib olduğunu qeyd edib.

2021-ci ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərinə hücum etdiyini və 4 kilometrə qədər irəlilədiyini deyən Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etməli olan mütəffiqlərinin heç bir kömək etmədiyini deyib. “Təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki xarici təcavüz zamanı kömək etmədilər, həm də Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı açıq çağırışlar etdilər”, Paşinyan əlavə edib.

Onun sözlərinə görə, xarici təcavüzdən, müttəfiqlərin hərəkətsizliyindən, müharibə hədəsindən və humanitar böhrandan Ermənistanda çaxnaşma yaratmaq, onun suverenliyini şübhə altında qoymaq və hətta oyuncaq hökumət qurmaq cəhdləri üçün istifadə olunub, amma hər dəfə xalq və demokratiya ölkənin suverenlik və müstəqilliyini xilas edib.

Rəsmi Bakı Qarabağda etnik təmizləmə siyasətinin aparılmasını qəti şəkildə rədd edir və ermənilərin bölgəni tərk etməyə məcbur edilmədiklərini qeyd edir. Azərbaycan Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin bütün hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini vəd edib.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Forum

XS
SM
MD
LG