Accessibility links

Avropa Parlamenti Avropa İttifaqını Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməyə çağırır


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən və bunun məsuliyyətini daşıyanlara sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı münasibətlərinə yenidən baxmasına çağıran qətnamə qəbul edib.

“İnsan haqlarının və beynəlxalq qanunun kobud şəkildə pozulduğunu” və “əsassız hərbi hücumu” qeyd edən qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Azərbaycanı qınayan qətnaməyə 491 parlamentar səs verib, cəmi 9 nəfər əleyhinə çıxıb, 36 nəfər bitərəf qalıb.

Cümə axşamı qəbul edilən qətnamədə Parlament Azərbaycanın sentyabrın 19-da Qarabağa “əvvəlcədən planlaşdırılan və əsassız hərbi hücumunu” qəti şəkildə pislədiyini, bunun beynəlxalq hüququn və insan hüquqlarının kobud şəkildə pozulması olduğunu bildirib. Parlamentarlar 100 mindən artıq Qarabağ sakinin evlərini tərk etməsi fonunda hazırkı vəziyyətin “etnik təmizləmə”yə bərabər olduğunu vurğulayıblar.

Qətnamədə Avropa İttifaqı və üzv ölkələr Qarabağda atəşkəsin və insan hüquqlarının pozulmasında məsuliyyət daşıyan azərbaycanlı rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə çağırılıb.

Parlament həmçinin Azərbaycanın beynəlxalq öhdəliklərini dəfələrlə pozduğunu əsas gətirərək, Avropa İttifaqını Azərbaycan ilə münasibətlərini, o cümlədən enerji sahəsində “strateji tərəfdaşlığını” yenidən nəzərdən keçirməyə, Azərbaycan qazından asılılığın azaldılmasına çağırıb. Sənəddə o cümlədən Azərbaycanın Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə həqiqi hörmət nümayiş etdirənə qədər yenilənmiş tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılmasına çağırılır.

Azərbaycan hakimiyyətini Qarabağ erməniləri ilə şəffaf və səmimi dialoq qurmağa çağıran Avropa Parlamentinin deputatları Azərbaycanın onların təhlükəsizliyini və rifahı üçün tam məsuliyyət daşıdığını qeyd edib, vəziyyətə yerində nəzarət etmək üçün Qarabağda BMT-nin himayəsi altında beynəlxalq mövcudluğun yaradılmasının vacibliyini vurğulayıblar.

Rusiya sülhməramlılarının son hadisələr zamanı “hərəkətsizliyini” pisləyən Avropa Parlamenti, Rusiya sülhməramlı qüvvələrinin təcili olaraq BMT-nin sülhməramlı missiyası ilə əvəz edilməsinə çağırıb.

Parlament Azərbaycan Prezidentinin və digər Azərbaycan rəsmilərinin Ermənistanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən, o cümlədən “Zəngəzur dəhlizi” ilə bağlı səsləndirdikləri “irredentist və qızışdırıcı bəyanatları” rədd etdiyini bildirib və bu cür ritorika ilə bağlı ciddi narahatlığını ifadə edib.

Forum

XS
SM
MD
LG