Accessibility links

İlham Əliyevin yerli televiziyalara müsahibəsində sülh prosesi diqqət mərkəzində olub


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibə verib. Müsahibənin əsas məqamları Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesi, Azərbaycandan Ermənistan və İran ərazisi vasitəsilə ölkənin Naxçıvan Muxtar Respublikasına yolun açılması, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri, həmçinin Avropanın qaz təchizatı məsələləri olub.

Ölkə rəhbəri Ermənistanla sülh prosesindən danışarkən deyib ki, sülh müqaviləsi imzalanmalıdır və sərhədlərin delimitasiya prosesi davam etməlidir. O eyni zamanda sülh müqaviləsinin zəmanətçilər olmadan iki suveren dövlət arasında imzalanmasına üstünlük verdiyini bəyan edib.

Əliyevin sözlərinə görə, bu ay keçiriləcək ikitərəfli görüşdə anklavlar məsələsi gündəlikdə olacaq.

“Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, Əliyev vurğulayıb.

Əliyev sülh prosesindən danışarkən həmçinin deyib ki, Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Azərbaycana (Naxçıvan Muxtar Respublikası) insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir.

“Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”, o qeyd edib.

Əliyev hesab edir ki, Ermənistan ərazisindən Naxçıvana keçən yolun təhlüksızliyini 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Rusiya tərəf təmin etməlidir.

Prezident xatırladıb ki, Ermənistan razı olmadığı halda İran ərzaisi ilə də Naxçıvana yolun çəkilişi davam etdirilir.

Azərbaycan Prezidenti bir sıra dövlətllərin, o cümlədən Fransanın Ermənistanı silahlandırmasına işarə edərək deyib ki, ölkəsinə qarşı təhlükə yaranarsa adekvat tərdbir görüləcək.

“Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, Əliyev bildirib.

Ölkə rəhbəri fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amillərindən də danışıb. Əliyevin fikrincə, prezident seçkilərinin təyin edilməsi Azərbaycanın ərazi bütövlüyünü təyin etdikdən sonra yeni dövrün başlanğıcı ilə əlaqədardır

“Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”, o qeyd edib.

Üç saatdan çox davam edən müsahibə zamanı Şimal-Cənub, Şəqr-Qərb nəqliyyat dəhlizi, azad olunmuş ərazilər köçkünlərin qaytarılması, bərpa-quruculuq işləri, Avropaya qaz və yaşıl enerji ixracı, qonşu dövlətlərlə münasibətlər, Azərbaycan-Fransa, Azərbaycan-ABŞ münasibətləri, COP29 və digər məsələlər də diqqət mərkəzində olub.

Forum

XS
SM
MD
LG