Accessibility links

Azərbaycan Prezidenti Yeni il müracətində suverenlilk, güclü ordu və iqtisadi inkişafdan danışıb


İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)
İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)

Azərbaycan 2024-cü ili qarşılayıb. Ölkədə Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə yanvarın 7-dək bayram tətilidir, iş günü deyil.

Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətinin əsas leytmotivi ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası, güclü ordu, hərbi sənayenin inkişafı və iqtisadi inkişaf olub.

Əliyev deyib ki, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında keçirdiyi hərbi əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib.

“Antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir”, İlham Əliyev bildirib.

Azərbaycan prezidenti bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib.

“Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır”, o qeyd edib.

Prezident Əliyev deyib ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar.

“Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, o bildirib.

İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə Qərb dövlətlərinin mövqeyini tənqid edib və Ermənistanı sülhə çağırıb.

“Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır”, o qeyd edib.

Prezident Əliyev Azərbaycanda ordunun böyük dərəcədə gücləndirildiyini, peşəkarlığının artdığını, yeni silahlı birləşmələr yaradıldığını deyib.

“Gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq”.

Prezident Əliyev ölkəsinin iqtisadi sahədə siyasətinin uğurlu olduğunu deyib. O, iqtisadi sahədə uğurlardan danışarkən yaşıl enerji istehsalı sahəsində nailiyyətləri qeyd edib.

“Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik.” , Əliyev bildirib.

Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.

Yerli medianın məlumatına görə, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

Dekabrın 7-də Azərbaycanın Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıblar. Rəsmi Bakı və Yerevan “regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşdüyünü” və “iki ölkənin münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq etdiyini” ifadə edib.

Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistanın hərbçilərin azad edilməsi və etimad quruculuğu istiqamətində atdığı addımları alqışlayıblar.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG