Accessibility links

AŞPA Avropa Şurasının insan hüquqları üzrə yeni komissarını seçib


Maykl O'Flaherti
Maykl O'Flaherti

İrlandiyalı insan hüquqları vəkili Maykl O’Flaherti Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı seçilib. O, aprel ayının 1-dən Komissar kimi fəaliyyətə başlayacaq

İnsan hüquqları üzrə mütəxəssis Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış plenar iclasında keçirilən seçkilərdə rəqibləri bolqarıstanlı Meqlena Kuneva və avstriyalı Manfred Novaka qalib gəlib.

Maykl O’Flaherti daha əvvəl Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyinin direktoru, İrlandiya Milli Universitetində İnsan Hüquqları üzrə professor və İnsan Hüquqları üzrə İrlandiya Mərkəzinin direktoru, Şimali İrlandiya İnsan Hüquqları Komissiyasının baş komissarı və BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü olub.

Avropa Şurasının insan hüquqları üzrə hazırkı komissarı Dunya Miyatoviç aprel ayının 1-də mandatını başa vuracaq.

Miyatoviç AŞPA-nın bu həftə keçirilən qış plenar iclasında son illik fəaliyyət hesabatını təqdim edərək Avropada “narahatedici mənzərə”nin yarandığını, insan hüquqları standartlarına və prinsiplərinə etinasızlığın getdikcə artdığını vurğulayıb.

Hesabat başlıca olaraq Avropada mövcud münaqişələr, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Ermənistan münaqişəsi və bu münaqişələrdən ortaya çıxan insan hüquqları pozuntularından bəhs edir.

Miyatoviç Assambleyada çıxışı zamanı Ermənistan və Azərbaycana, o cümlədən Qarabağ regionuna ötən ilin 16-23 oktyabr tarixlərində baş tutan səfəri barədə də danışıb.

“Qarabağ regionu ilə bağlı münaqişədən zərər çəkmiş bütün şəxslərin insan hüquqlarının səmərəli müdafiəsi sülh prosesinin uğurunun açarıdır”, İnsan hüquqları Komissarı plenar iclasda qeyd edib.

Miyatoviç müharibə və münaqişə zonalarında insan hüquqlarının vəziyyəti ilə yanaşı, həll edilməli olan digər çoxsaylı problemlərin olduğunu qeyd edib.

1999-cu ildə təsis edilən İnsan hüquqları üzrə Komissar ofisi Avropa Şurasının müstəqil və tərəfsiz orqanıdır. İnsan hüquqları Komissarının məqsədi Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarına dair məlumatlılığı və hörməti təşviq etmək, insan hüquqları ilə bağlı qanun və təcrübədə mümkün çatışmazlıqları müəyyən etmək, həmçinin milli ombudsman təsisatlarının və digər insan hüquqları strukturlarının fəaliyyətini asanlaşdırmaqdır.

Forum

XS
SM
MD
LG