Accessibility links

Cozep Borrel: Əliyevin ərazi iddiaları böyük narahatlıq doğurur


Cozep Borrel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi
Cozep Borrel, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi

“Prezident Əliyevin son ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozuntusu yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”.

Bu sözləri yanvarın 22-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

Avropa İttifaqının Xarici İşlər Şurasının bazar ertəsi Brüsseldə baş tutan iclasında Azərbaycan-Ermənistan məsələsi müzakirə edilib. Cozep Borrel iclasdan sonra keçirdiyi mətbuat konfransında qeyd edib ki, Aİ xarici işlər nazirləri Azərbaycanın Ermənistanla əsaslı sülh və normallaşma danışıqlarına qayıtmalı olduğunu hesab edirlər.

İclasda həmçinin Fransalı diplomatların Azərbaycandan çıxarılması məsələsinə toxunulub. Borrel bu məsələdə Fransa ilə həmrəy olduqlarını ifadə etdiklərini bildirib.

Rəsmi Bakı Cozep Borrelin səsləndirdiyi “əsassız iddiaları” rədd etdiyini qeyd edib.

“Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir”, Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 23-də yaydığı bəyanatda qeyd edib.

Azərbaycan XİN qeyd edib ki, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub və “Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır”.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində “Zəngəzur dəhlizi”nin açılmayacağı təqdirdə Azərbaycanın Ermənistanla sərhədləri açmayacağını deyib. Prezident Əliyev həmçinin Yerevan şəhərinin qədim Azərbaycan şəhəri olduğunu qeyd edib. Ermənistanla sülh prosesinə toxunan İlham Əliyev deyib ki, sülh müqaviləsinin zəmanətçilər olmadan iki suveren dövlət arasında imzalanmasına üstünlük verir.

Azərbaycan prezidentinin bu çıxışı Ermənistan rəsmilərinin narahatlığına səbəb olub. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan ən yüksək səviyyədə verilən bəyanatların əldə olunmuş razılaşmalara zidd olduğunu və sülh prosesinə zərbə vurduğunu deyib. Nikol Paşinyan həmçinin yanvarın 20-də Ermənistanın Azərbaycandan gizli ərazi iddialarının olmaması ilə bağlı təminat gözlədiklərini və qarşılıqlı şəkildə eyni zəmanəti Azərbaycana verməyə hazır olduqlarını deyib.

Forum

XS
SM
MD
LG