Accessibility links

ABŞ Azərbaycan və Ermənistan arasında sülhsevər addımları alqışlayıb


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

Birləşmiş Ştatlar yanvarın 18-də Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə Ermənistan və Azərbaycan arasında sülhsevər addımları alqışlayıb və tərəfləri sülh sazişi əldə etməyə çağırıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller Turan Agentliynin Dövlət Departamentin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistana son səfəri və görüşlərinin təfərrüatları barədə sualının cavabında deyib: "Mən Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün aparılan işi alqışladığımızı söyləməkdən başqa bu görüşlərin dəqiq mahiyyətinə varmaq fikrində deyiləm. Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar belə suverenliyi və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Tərəflər son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları keçmiş danışıqların sürətini artırmağa və saziş bağlamağa təşviq edirik".

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lou Bono yanvarın 8-9-da Yerevana səfəri zamanı yüksək vəzifəli rəsmlərlə regiona sülh və sabitliyin gətirilməsi səylərini müzakirə edib. Lakin o Azərbaycana səfər etməyib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenci Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar ləyaqətli və davamlı sülhə nail olmaq üçün səylərə güclü dəstək verməyə davam edəcək.

Səfirliyin nümayəndəsi xatırladıb ki, Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və ədalətli sülhə nail olmaq yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir.

“Cənab Bono müntəzəm olaraq Ermənistan və Azərbaycandakı əsas maraqlı tərəflərlə sülh prosesini dəstəkləmək üçün müzakirələr aparır. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırıq,” mətbuat katibi vurğulayıb.

Ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə bəyanat yayaraq iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına, o cümlədən hərbçilərin azad edilməsinə dair razılıq əldə olunduğunu bildiriblər.

Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini təhvil verib.

Azərbaycan və Ermənistan yanvarın sonlarında iki ölkənin sərhədində delimitasiya komissiyalarının növbəti görüşünün olacağını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində bildirib ki, bu ay keçiriləcək ikitərəfli görüşdə anklavlar məsələsi gündəlikdə olacaq.

“Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, Əliyev vurğulayıb.

Belə ki, Azərbaycan 8 kəndinin Ermənistanın, Ermənistan isə 1 kəndinin Azərbaycanın nəzarətində olduğunu iddia edir.

Sonuncu dəfə ötən il noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın beşinci görüşü keçirilib.

Forum

XS
SM
MD
LG