Accessibility links

Klaar: Seçkilərdən sonra Bakı ilə tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik


Toivo Klaar
Toivo Klaar

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra rəsmi Bakı ilə tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözlədiklərini bildirib.

Aİ rəsmisi bu barədə Ermənistana səfərini başa vurduqdan sonra qeyd edib. Toivo Klaar yanvarın 18-də Yerevanda Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla regional prosesləri müzakirə edib.

“Aİ-nin Ermənistan - Azərbaycan hərtərəfli sülh sazişinə dəstəyini davam etdirdiyini vurğuladım. Bakı və Yerəvan arasında əsaslı ikitərəfli təmaslardan ruhlanır və seçkilərdən sonra Azərbaycan tərəfi ilə də tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik”, Toivo Klaar X səhifəsində yazıb.

Ermənistan mətbuatının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 20-də Ermənistanın Azərbaycandan gizli ərazi iddialarının olmaması ilə bağlı təminat gözlədiklərini və qarşılıqlı şəkildə eyni zəmanəti Azərbaycana verməyə hazır olduqlarını deyib.

Digər tərəfdən yanvar ayının sonunda Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasınının baş tutacağı gözlənilir. Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi məlumat verib ki, sayca altıncı dəfə keçiriləcək görüşdə komissiyanın əsasnaməsi müzakirə olunacaq.

Komissiyaya Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə Mher Qriqoryan sədrlik edir. Tərəflər arasında sonuncu görüş ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib.

Forum

XS
SM
MD
LG