Accessibility links

AŞPA qətnaməsində Azərbaycanda işgəncə və pis rəftar halları ilə bağlı narahatlıq ifadə edilir


Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu həftə baş tutan qış plenar iclasında həbsxanalardakı işgəncə, pis rəftar və cəzalandırma halları ilə bağlı qətnamə qəbul edib.

Sənəddə deyilir ki, bəzi Avropa ölkələrinin həbsxana və saxlanma yerlərində işgəncə və pis rəftar halları artıb, bəzi ölkələrdə belə hallar sistematik hal alıb və adi hala çevrilməyə istiqamətlənib.

Assambleya qətnamədə Rusiya, Azərbaycan və Türkiyə kimi dövlətlərin həbsxanalarında işgəncə, pis rəftarın yayıldığını göstərən hesabatlardan narahat olduğunu bildirir.

AŞPA qeyd edir ki, işgəncənin və pis rəftarın digər formalarının mütləq qadağası Konstitusiya normaları da daxil olmaqla, çoxsaylı universal, regional və milli hüquqi sənədlərdə kodlaşdırılıb:

“Bu, heç bir şəraitdə, o cümlədən müharibə zamanı və ya digər ictimai fövqəladə hallarda və ya ən çətin şəraitdə, məsələn, terrorizmə qarşı mübarizədə kənara çıxmağa icazə verilməyən normadır”, sənəddə qeyd edilir.

Assambleya Azərbaycanla bağlı hesabatlardan da narahatlığını bildirib.

“Xüsusilə, “Tərtər hadisələri” (Azərbaycan hərbçiləri tərəfindən bir qrup hərbi qulluqçuya və mülki vətəndaşa verilən işgəncə) kontekstində 2017-ci ildə saxlanılanların bir çoxunun işgəncə və qeyri-insani rəftara, 10 nəfərin isə işgəncələrə məruz qaldığı bildirilir. İşgəncələr nəticəsində ölənlər də var. Saxlanılan şəxslər vətənə xəyanət etirafı almaq məqsədilə işgəncələrə məruz qalıb”, sənəddə deyilir.

Qurum qeyd olunan işgəncə üsullarından dəhşətə gəldiyini açıqlayıb. Bildirilir ki, işgəncə üsullarına elektrik cərəyanı vurmaq, mismarlamaq, gözləri bağlamaq, cinsiyyət orqanlarının çıxarılması, zorlama, ailə üzvlərini zorlamaqla hədələmək və s. daxildir:

“Saxlanılan və əvvəllər məhkum olunanların bəziləri indi bəraət alıb, azadlığa buraxılsa da, digərləri hələ də həbsdədir. Bu işlərdə işgəncədən istifadə edən yüksək vəzifəli şəxslərin heç bir məsuliyyət daşımadığı da bildirilir. “Tərtər işləri”ndən ayrı olaraq, bəzi hesabatlarda siyasi müxalifət üzvlərinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı işgəncə və pis rəftarın digər formalarından istifadə edildiyi göstərilir”, sənəddə qeyd edilir.

Bundan əlavə bildirilir ki, Azərbaycan “Tərtər işi” adlanan işlərdə işgəncənin tətbiqinə görə məsuliyyət daşıyan bütün günahkarların, yüksək vəzifəli məmurların və dövlət orqanlarının məsuliyyətə cəlb olunmasını və bütün qurbanların kompensasiya və reabilitasiyasını, o cümlədən məhkumluqların ləğv edilməsini təmin etməlidir.

Azərbaycanda işgəncə və pis rəftar halları barədə Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatının son hesabatında da qeyd edilib. Polis nəzarətində işgəncə və pis rəftar hallarının davam etdiyini bildirən HRW 2023-cü ildə Müsəlman Birliyi Hərəkatının fəalı Ceyhun Balaşovun işgəncəyə məruz qalması, jurnalist Elməddin Şamilzadənin polis tərəfindən döyülməsi hallarını əks etdirib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti sözügedən hesabatın müzakirəsindən əvvəl plenar iclası tərk etdiyi üçün məsələ ilə bağlı Azərbaycan tərəfinin münasibətini öyrənmək mümkün olmayıb.

Rəsmi Bakı bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların qorunduğunu, beynəlxalq təşkilatların bənzər hesabatlarının qərəzli olduğunu bildirir.

Forum

XS
SM
MD
LG