Accessibility links

Azərbaycanın hərbi prokuroru: "Tərtər işi" Baş Prokurorluqda araşdırılır


Xanlar Vəliyev (foto arxiv-VOA)
Xanlar Vəliyev (foto arxiv-VOA)

"'Tərtər işi' ilə bağlı vaxtında istintaq apardıq." Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, istintaqla bağlı müəyyən işlər görülüb.

“Biz vaxtında istintaq apardıq, müəyyən qisim işlər gördük. Baş Prokukorluq işi təzələyib, istintaq aparılır", Xanlar Vəliyev bildirib.

Hərbi cinayətlərdən bəhs edən hərbi prokuror bildirib ki, hər il ən azı 98-99 faiz cinayətin üstü açılır.

"Xüsusən ölüm halları ilə bağlı cinayətlərin üstü 100 faiz açılır. Tapşırıq vermişəm ki, hər bir ölüm halı ilə bağlı dərhal cinayət işi başlanılmalıdır", o əlavə edib.

Dekabrın 8-də "Tərtər işi" üzrə hazırda həbsdə olan 10 hərbiçinin ailə üzvlərinin iştirakı ilə "İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi"nin ofisində mətbuat konfransı keçirilib.

Bu 10 hərbçi 11 ildən ömürlük həbsə qədər cəzalara məhkum ediliblər.

Hüquq müdafiəçiləri hüquq-mühafizə orqanlarını 10 şəxsin işinə yenidən baxmağa çağırıb.

2017-ci ildə Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliynin birgə bəyanatında hərbçilər arasında bir qrup satqının ifşa edildiyi haqqında məlumat yayıb.

Kütləvi həbslər olub. Amma 2017-ci ilin may-iyun aylarında saxlanılanlara işgəncə verildiyini ictimaiyyət 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, onlardan 25-i uzunmüddətli həbsə məhkum edilib və ən az 9 nəfər işgəncələr nəticəsində ölüb. Qurbanların qohumlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət araşdırmanı bərpa edib.

2022-ci ilin dekabrında “Tərtər işi” üzrə 19 müttəhim həbsdən azad edilib. Onlardan 10-na bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.

İşgəncələr altında özünü təqsirli bilən bir neçə nəfər indiyədək həbsdədir. Bu cinayətlərə görə bir general da daxil olmaqla, bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib.

Forum

XS
SM
MD
LG