Yanvarın 25-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2023-cü ildə qəbul olunan qərarlarla bağlı hesabat yayımlayıb.
Hesabatda qeyd olunur ki, Azərbaycanla bağlı mahiyyəti üzrə 40 qərar qəbul edilib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Bu statistik rəqəmlər AİHM prezidentinin ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.
AİHM Azərbaycanla bağlı qərarlarında ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb - 10 qərar, azadlıq və toxunulmazlıq, şəxsi həyata hörmət hüququnun pozuntuları 8 qərarda müəyyən edilib.
Hesabata görə, yaşamaq hüququnun pozuntusu 3, işgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozuntusu 4, ifadə azadlığı hüququnun pozuntusu 3, birləşmək hüququnun pozuntusu 6, mülkiyyət hüququnun pozuntusu 5, effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusu isə 1 qərarda tanınıb.
AİHM 2023-cü ildə ümumilikdə mahiyyəti üzrə 1014 qərar elan edib.
Mahiyyəti üzrə ən çox qərar Rusiyaya qarşı çıxarılıb - 217 qərar. Həmin qərarlarda ən çox azadlıq və toxunulmazlıq (168), işgəncəyə məruz qalmamaq (156) və ədalətli məhkəmə araşdırması hüquqlarının (138) pozuntuları tanınıb.
Rusiyadan sonra Türkiyə gəlir - 78 qərar. Qərarlarda ən çox azadlıq və toxunulmazlıq (16) və ədalətli məhkəmə araşdırması hüquqlarının (17) pozulduğuna qərar verilib.
AİHM 2023-cü ildə Ermənistanla bağlı 25, Gürcüstanla bağlı 17 qərar elan edib. Ermənistana münasibətdə ən çox yaşamaq (11), Gürcüstana münasibətdə isə işgəncə və pis rəftara, ayrıseçkiliyə məruz qalmamaq hüquqlarının (hər biri üzrə 4 qərar) pozuntusu tanınıb.
2023-cü ildə yeni daxil olan ərizələrin sayında isə azalma müşahidə olunub. 2022-ci ildə 45 min 500 yeni ərizə icraata daxil olmuşdusa, 2023-cü ildə bu göstərici 34 min 650-yə düşüb. Həmin ərizələrin 438-i Azərbaycana aiddir. Bu göstərici 2021-ci ildə 425, 2023-cü ildə isə 389 olmuşdu.
2023-cü ildə ən çox ərizə Türkiyədən daxil olub - 8341. Ukraynadan 2531, Rumıniyadan 2821, Macarıstandan 2469 ərizə icraata daxil olub.
Məhkəmə Ermənistandan 147, Gürcüstandan 156 ərizəni icraata götürüb.
Hesabatda qeyd olunur ki, AİHM-də baxılmasını gözləyən ərizələr azalıb - 2022-ci ildə 74 min 650 ərizə baxılmasını gözləyirdi, 2023-cü ildə bu göstərici 68 min 450-ə düşüb.
AİHM-də baxılmasını gözləyən ərizələrin sayı baxımından Türkiyə liderdir.
Hazırda baxılmasını gözləyən 68 min 450 ərizədən 23 min 397-i Türkiyəyə qarşıdır. Bu, bütün ərizələrin 34 faizindən çoxdur.
İkinci sırada Rusiyadan 12453, Ukraynadan 8737, Rumıniyadan 4171, İtaliyadan 2743, Yunanıstandan 2429 ərizə baxılmasnı gözləyir. Azərbaycan 7-ci sıradadır, 1877 ərizə baxılmasını gözləyir. Ermənistandan 836, Gürcüstandan isə 185 ərizə baxılmasını gözləyir.
AİHM 2023-cü ildə ən çox ədalətli məhkəmə araşdırması (372), azadlıq və toxunulmazlıq (348), işgəncə və pis rəftarın yolverilməzliyi (344) hüquqlarının pozuntusunu müəyyən edib.
Amerikanın Səsinin Azərbaycan rəsmilərindən hesabatla bağlı şərh alması mümkün olmayıb.
2022-ci ilin fevralında yerli mediaya açıqlama verən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir. Onun sözlərinə görə, ötən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 200-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib.
Forum