Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti 2025-ci ildə başa çatır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimovun İzvestiya qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualına cavabında deyib.
O qeyd edib ki, Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş anti-terror tədbirlərindən sonra sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb.
"Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur," Hacızadə bildirib.
Fevralın 12-də Rusiyanın İzvestiya qəzetində Rusiya Federasiyasının Bakıdakı səfiri Mixail Evdokimovun müsahibəsi dərc olunub. O, müsahibəsində qeyd edib ki, Moskva və Bakı Rusiya sülhməramlı kontingentinin məsələsi ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. Onun sözlərinə görə, sülhməramlıların Qarabağda olması çox vacibdir.
Rəsmi Yerevan bu məsələyə hələlik münasibət bildirməyib.
Ötən ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalıb-qalmaması məsələsi təkcə Ermənistandan asılı deyil.
Armenpress xəbər verir ki, bunu Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalıb-qalmaması sualına cavab verərkən vurğulayıb.
“Onların Dağlıq Qarabağda qalması məsələsi təkcə bizdən asılı deyil, ya da bizdən asılı deyil, çünki biz bilirik ki, Rusiya Federasiyası Azərbaycanla müəyyən müzakirələr aparır. Onların Dağlıq Qarabağda qalıb-qalmayacağı sualına birbaşa və konkret cavab verə bilmərəm,” baş nazir bildirib.
Rusiya sülhməramlılarının Ermənistana gəlib burada qala biləcəyi ilə bağlı suala baş nazir cavab verib ki, o, bunda məntiq görmür, çünki bunlar Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qoşunlarıdır.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Azərbaycan sentyabrın 19-da qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün Qarabağda “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Birgünlük və ağır itkilərlə müşayiət olunan döyüşlərin ardınca Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul edib və hərbi əməliyyatlar dayandırılıb.
Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100,000-dən artıq erməni sakin Qarabağı tərk edib.
Ermənistan rəsmiləri Azərbaycanı Qarabağda etnik təmizləmə siyasəti yürütməkdə ittiham edib. Rəsmi Bakı bu ittihamları rədd edərək, Qarabağda qalan və qayıtmağa qərar verən erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyini bildirib.
Forum