Accessibility links

Mina partlaması nəticəsində mülki şəxs xəsarət alıb


Fevralın 4-də əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində (Bakıdan 322 kilometr qərb) baş vermiş mina partlayışı nəticəsində Tərtər rayonunun Qaradağlı kənd sakini Həsənəli Əliyev xəsarət alıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Minatəmizləmə Agentliy (ANAMA) bildirir ki, minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan Əliyevin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

ANAMA vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başa çatmasından etibarən bu günədək 343 nəfər vətəndaş mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.

Bu il yanvarın 26-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, yalnız 2023-cü ildə 58 nəfər mina və hərbi sursat partlayışının qurbanı olub.

“İl ərzində 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, Kamran Əliyev qeyd edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ötən il dekabrın 14-də bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 90 min hektara yaxın ərazi minalardan təmizlənib.

"Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır", o qeyd edib.

Ekspertlərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.

Forum

XS
SM
MD
LG