Accessibility links

Azərbaycanda mina təhlükəsi ilə bağlı dinləmə keçirilib


Mina təmizləyənlər (Arxiv foto. Mənbə: VOA)
Mina təmizləyənlər (Arxiv foto. Mənbə: VOA)

"Azərbaycan mina təhlükəsindən zərər çəkən ölkələr sırasındadır. Yalnız son 3 ildə mina partlayışları nəticəsində 65 mülki insan həyatını itirib".

Bu barədə BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva noyabrın 4-də Azərbaycan parlamentində “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlı mina partlayışının qurbanı olub.

“Dünən Tərtərdə bir nəfər mülki şəxs yenə minadan zərər çəkib. Bütün bunlar ürək ağrıdır”, o qeyd edib.

Vladanka Andreyeva vurğulayıb ki, mina təhlükəsi davamlı inkişafa, həmçinin sülhə nail olunmasına maneə törədir.

“Mina təhükəsi nəticəsində nəinki insanlar həyatını itirir, bu təhlükə həm də torpağa, onun münbitliliyinə mənfi təsir edir”, o qeyd edib.

Azərbaycan Minatəmizləmə Agentliynin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 938.1 hektar ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi təmin edilib.

“Bu günədək ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3 421 hektar, nəqliyyat infrastrukturu üçün 5 759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 118 hektar, digər məqsədlər üçün 5 784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. Nəticədə təmizlənmiş 106 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, o qeyd edib.

Bu arada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" (keçmiş Twitter) hesabında bildirib ki, minaların qurbanları əsasən mülki şəxslərdir.

“Demək olar ki, hər həftə ölümcül və qanlı mina partlayışlarının şahidi oluruq”, o qeyd edib.

Onun yaydığı infoqrama görə, 2020-ci il noyabrın 10-dan indiyədək 336 insan mina qurbanı olub. Onlardan 65 nəfəri həyatını itirib. Mina partlaması nəticəsində ölənlərin 50 nəfəri mülki şəxslər, 15 nəfəri hərbçilərdir. Zərəçəkənlərin isə 107 nəfəri mülki şəxslər, 164 nəfəri hərbçidir.

Forum

XS
SM
MD
LG