Accessibility links

Dunya Miyatoviç Ermənistan və Azərbaycana səfərinin yekunları barədə bəyanat yayıb


Dunya Miyatoviç, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı
Dunya Miyatoviç, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı

Ermənistan və Azərbaycana səfərini yekunlaşdıran Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç hər iki ölkəni bölgədə davamlı sülhün bərqərar olması üçün insan hüquqlarına və beynəlxalq standartlara riayət etməyə çağırıb.

“İnsan hüquqlarına tam sayğı və müvafiq beynəlxalq standartlara ciddi sadiqlik iki ölkə arasında barışıq və davamlı sülhə doğru yolun mərkəzində durmalıdır”, Dunya Miyatoviç qeyd edib.

Miyatoviçin 16-23 oktyabr tarixlərində baş tutan səfərinin məqsədi rəsmi Bakının “anti-terror” əməliyyatları adlandırdığı, Azərbaycanın Qarabağa tam nəzarəti bərpa etməsi və ardınca 100 mindən artıq erməni sakinin Qarabağı tərk etməsi ilə nəticələnən son hərbi əməliyyatlardan sonra bölgədə vəziyyəti qiymətləndirmək olub.

Ermənistanda olarkən Qarabağdan köçən sakinləri ziyarət edən Komissar qeyd edib ki, Azərbaycanın sentyabr ayındakı hərbi əməliyyatları, ondan əvvəl "Laçın dəhlizinin 9 aylıq blokadası nəticəsində Qarabağ erməniləri üçün evlərini tərk etmək yeganə seçim idi”.

Miyatoviç Ermənistanın qaçqın və köçkünlərə yardımla bağlı gördüyü tədbirləri alqışlayaraq, Avropa Şurası ölkələrini bu istiqamətdə Ermənistana hərtərəfli dəstək verməyə çağırıb.

Ermənistandan sonra Azərbaycana səfər edən Dunya Miyatoviç Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev və digər bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib. Məlumata görə, Azərbaycan hakimiyyəti Qarabağ bölgəsinin və orada yaşayan əhalinin reinteqrasiyası üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Miyatoviç vurğulayıb ki, Azərbaycan regionda qalan etnik ermənilərin və Ermənistana gedənlərin insan hüquqlarına, o cümlədən təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququna təminat verməlidir.

Dunya Miyatoviç həmçinin Qarabağ regionuna səfər edərək Xankəndində qalan azsaylı erməni sakinlərə baş çəkib, Füzuli və Ağdam rayonlarında dağıdılmış kənd və şəhərləri görüb, habelə Füzulidə bu yaxınlarda salınmış, məcburi köçkün düşmüş azərbaycanlıların bir qisminin qayıtdığı yaşayış massivində olub. Məcburi köçkünlərlə yanaşı Komissar mina qurbanları və onların ailələri ilə görüşlər keçirib, regionda aparılan minatəmizləmə işləri ilə tanış olub.

Onilliklər boyu davam edən münaqişənin ciddi insan hüquqları ilə müşahidə olunduğunu qeyd edən Dunya Miyatoviç, bütün köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq, mina təhlükəsindən və müharibənin partlayıcı qalıqlarından qorunmaq hüququnun təmin edilməsi, əsirlərin müdafiəsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı çağırış edib.

Miyatoviç həmçinin münaqişə zamanı törədilən ciddi insan hüquqları pozuntuları ilə bağlı müstəqil və effektiv araşdırmaların aparılmasının və qurbanlara adekvat kompensasiyanın təmin edilməsinin vacibliyi qeyd edib.

“İndi həmişəkindən daha çox bütün tərəflər nifrət nitqinin qarşısını almaq və onunla mübarizə aparmaq üçün qətiyyətli addımlar atmalı və birgə yaşayış və barışığı təşviq edən təşəbbüsləri dəstəkləməlidir”, İnsan hüquqları Komissarı əlavə edib.

Dunya Miyatoviç yaxın tarixdə regiona səfəri ilə bağlı geniş hesabat və tövsiyələr təqdim edəcək.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi

Avropa Şurası Konqresi Qarabağda hərbi əməliyyatları pisləyib

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın Qarabağda sentyabr ayında həyata keçirdiyi, 100 mindən çox erməni sakinin bölgəni tərk etməsinə səbəb olan hərbi əməliyyatlarını pisləyən bəyannamə qəbul edib.

Avropa Şurası Konqresinin bu həftə Strasburqda baş tutan 45-ci sessiyası çərçivəsində aparılan müzakirələrdə bölgədəki humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edilib, Azərbaycan hakimiyyəti vəziyyətin daha da pisləşməsinə səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə və Qarabağ ermənilərinin həbs edilmiş nümayəndələrini azadlığa buraxmağa çağırılıb.

Azərbaycan hakimiyyətinin erməni sakinlərin hüquq və azadlıqlarının təmin ediləcəyi ilə bağlı verdiyi vədləri və onların reinteqrasiyası ilə bağlı elan edilmiş planları qeyd edən Konqres, Azərbaycanın regionda qalan erməni sakinlərin, o cümlədən geri qayıtmaq istəyən köçkünlərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını xatırladıb. Bundan əlavə, erməni sakinlərin Avropa Yerli Özünüidarəetmə Xartiyasına uyğun olaraq yerli özünüidarə institutları yaratmaq hüququnun təmin edilməsinin, habelə bölgəyə humanitar yardımların maneəsiz şəkildə çatdırılmasının vacibliyi vurğulanıb.

Azərbaycanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Anar İbrahimov qeyd edib ki, Azərbaycan Qarabağın erməni sakinlərinə evlərində qalmağa çağırıb və onların Azərbaycan vətəndaşı kimi bütün hüquqlarının qorunacağını vəd edib.

“Konqres regionda sülh və barışığı təşviq edən mövqe tutmalı, nifrət və revanşizmi körükləyəcək mesajlardan çəkinməlidir. Biz birtərəfli bəyanatların Konqresin mövqeyini zəiflədəcəyinə inanırıq. Konqresin post-münaqişə dövründə faydalı vasitə ola biləcək imkanı və səriştəsi var”, İbrahimov qeyd edib.

Bəyannamədə həmçinin Qarabağın ermənilərinə ev sahibliyi edən Ermənistanın yerli hakimiyyət orqanları ilə həmrəylik ifadə edilir, Ermənistan hökumətinin köçkünlərə dəstək üçün atdığı addımlar alqışlanır və Avropa ölkələrinin milli, regional və yerli hakimiyyət orqanları Ermənistana dəstək olmağa çağırılır.

Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasına üzv ölkələrdə yerli və regional demokratiyanın gücləndirilməsinə cavabdeh olan qurumdur. Yerli Hakimiyyətlər Palatası, Regionlar Palatası və üç komitədən ibarət olan Konqres 130 mindən çox yerli və regional hakimiyyət orqanını təmsil edir.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Ermənistan Azərbaycanı “etnik təmizləmə” aparmaqda günahlandırıb.

Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın buraxılmasından sonra 100 mindən artıq erməni sakin Qarabağı tərk edib.

Forum

XS
SM
MD
LG