Accessibility links

ABŞ və Azərbaycan regionda sülhün təmin edilməsi məsələlərini müzakirə edib


İlham Əliyev və Coşua Hak (Mənbə: Prezidnet Administrasiyası)
İlham Əliyev və Coşua Hak (Mənbə: Prezidnet Administrasiyası)

Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak arasında görüş olub. Çoşua Hak və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da görüşüb.

Rəsmi məlumatlara görə, görüşlərdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri, habelə post-münaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

“Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə edib”, Prezident Administrasiyasının Azərbaycan Prezidenti ilə görüş barədə məlumatında qeyd edilir.

Ceyhun Bayramov və Coşua Hak (Mənbə: Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Coşua Hak (Mənbə: Xarici İşlər Nazirliyi)

Həmçinin Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazir Bayramov hazırda regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Azərbaycan tərəfindən görülən anti-terror tədbirləri nəticəsində 30 illik işğal dövrünün qalıqları və əsas təhdid mənbəyi olan “erməni silahlı qüvvələrinin və separatçı rejimin mövcudluğuna” son qoyulmasının əhəmiyyətini vurğulayıb.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən birinin aradan qaldırıldığı bildirilib. Nazir bölgədə sülh üçün yaranmış hazırkı şəraitdə ölkəmizin hər zaman olduğu kimi sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu, bu xüsusda beynəlxalq ictimaiyyətin də konstruktiv mövqeyinin vacibliyini qeyd edib", Xarici İşlər Nazirliyi qeyd edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi isə X (keçmiş Twitter) hesabında yazıb ki, Dövlət katibinin köməkçisinin müavini Coşua Hak bu gün prezident İlham Əliyevlə görüşərək "ikitərəfli münasibətləri və Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsinin zəruriliyini müzakirə edib".

Amerikanın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə bildirblər ki, Coşua Hak (Joshua Huck) bir sıra məsələləri müzakirə etmək üçün yüksək səviyyəli rəsmilər, biznes ictimaiyyəti və vətəndaş cəmiyyəti ilə görüşmək üçün oktyabrın 15-dən 27-dək Türkiyə, Azərbaycan və Ermənistanda səfərdədir.

“O, regionda olarkən ABŞ-ın Cənubi Qafqazda davamlı və ləyaqətli sülhü dəstəkləmək işini davam etdirəcək”, ABŞ səfirliyinin məlumatında deyilir.

Forum

XS
SM
MD
LG