Sentyabrın 24-də Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində iki hərbçi həlak olub, bir hərbçi yaralanıb.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Əkrəm Şadmanov və Tural Seyidov həlak olub və Elvin Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə və digər maddələri ilə cinayət işi başlanılıb.
Bu arada Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb ki, ötən həftə işğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb.
“Sentyabrın 18-dən 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bundan əlavə, 379,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”, məlumatda qeyd edilir.
Rəsmi məlumatlara görə, 2020-ci ili noyabrın 10-dan indiyədək 317 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 63 nəfəri ölüb, 254 nəfəri yaralanıb.
Forum