Noyabrın 3-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması nəticəsində mülki şəxs xəsarət alıb.
Bu barədə Tərtər rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə,hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb.
Hazırda vəziyyəti orta-ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş verib.
2020-ci il noyabrın 10-da 44 günlük müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 334 Azərbaycan vətandaşı zərər çəkib, o cümlədən 65 nəfər ölüb, 269 nəfər yaralanıb.
Ekspertlər münaqişə ərazisində yüz minlərlə minaların və partlamamış hərbi sursatların qaldığını bildirir.
ABŞ-ın Azərbaycandakı səfirliyi Twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2020-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter hesabında qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda minatəmizləməyə 8 milyon avroluq dəstək verib.
Forum