Accessibility links

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının Qarabağda vəziyyətlə bağlı qətnaməsini qəbul etmir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

"Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qarabağda vəziyyətlə bağlı 12 oktyabr 2023-cü il tarixli qətnaməsini və tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayır. Bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin AŞPA-nin Qarabağda vəziyyətlə bağlı qəbul etdiyi qətnamə və tövsiyələr barədə şərhində deyilir.

Xarici İşlər Nazirliyi bildirir ki, AŞPA “Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən” təhlükəsizliyinə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamaq əvəzinə, “əsassız şayiələrə və müəyyən dövlətlərin bölgədə Azərbaycanı ləkələyən məkrli siyasətinə əsaslanan” yanaşma nümayiş etdirməkdə davam edir.

“Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamə və tövsiyələr Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir.

Terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərinə aparan hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi, habelə regiona səfər edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müsbət qiymətləndirməsinə və Azərbaycanın yerli əhaliyə qarşı hər hansı zorakılıq tətbiq etmədiyini təsdiqləməsinə baxmayaraq, bu, Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir.

Bundan əlavə, son on ayda Laçın yolundan hərəkətlə bağlı Avropa Şurası Parlament Assambleyasının əsassız iddiaları və Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsi ilə bağlı iddialarını yekdilliklə rədd edən Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarına məhəl qoyulmaması ilə yanaşı, məhkəmənin qərarlarının yanlış şərh edilməsi qəbuledilməzdir”, nazirlik qeyd edir.

Xarici Içlər Nazirliyi həmçinin bildirir ki, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə, 44 günlük müharibədən sonra həlak olanların sayını 333-ə çatdıran mina təhlükəsinə, əvvəllər işğal altında olan Azərbaycan ərazilərində qeydə alınan dağıntıların miqyasına aydınlıq gətirilməməsi də dərin narahatlıq doğurur.

“30 ilə yaxın müddətdə azərbaycanlı məcburi köçkünlərin və Ermənistandan zorla qovulmuş etnik azərbaycanlı qaçqınların insan hüquqlarının pozulmasına göz yumulmaqla yanaşı, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin könüllü surətdə yerdəyişməsilə bağlı böhtan və hədsizlik nümayiş etdirən arqumentlər bu qurumun insan hüquqları ilə bağlı öhdəliklərinin açıq şəkildə pozuntusudur

Avropa Şurası Parlament Assambleyası etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpası və ləyaqətlə geri qayıtmaları ilə bağlı müraciətlərə məhəl qoyulmur,” nazirlik bildirir.

Xarici İşlər Nazirliyinin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən “Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.”

Eyni zamanda, naazirlik bildirir ki, Avropa Şurasının mexanizmlərindən “Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər” tamamilə əks nəticə verir.

“Bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz”, şərhdə deyilir.

Oktyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qeyd olunur ki, demək olar ki, bütün erməni əhalinin bölgədən kütləvi şəkildə çıxması "etnik təmizləməyə bərabər ola biləcək ittihamlara və əsaslı şübhələrə" səbəb olub. Avropa Şurası Parlament Assambleyası Azərbaycan hakimiyyətini "bunun belə olmadığını sübut etmək üçün səylərini əsirgəməməyə" çağırıb.

“Azərbaycan öz öhdəliklərini yerinə yetirməsə, Assambleyanın "Azərbaycan öz nizamnamə öhdəliklərini ciddi şəkildə pozduğuna görə Nazirlər Komitəsi və Parlament Assambleyasının birgə prosedurunu başlatmağa çağırmaqdan və 2024-cü il sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisələndirməkdən başqa alternativi qalmayacaq", qətnamədə deyilir.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gedən sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Ermənistan hökuməti baş verənləri Azərbaycanın “etnik təmizləmə” siyasəti aparması ilə əsaslandırıb. Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Son günlər Qarabağ bölgəsinə iki dəfə səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. BMT missiyası hesab edir ki, Qarabağda 50 nəfərdən 1000 nəfərədək erməni əsilli sakin qalıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Bununla yanaşı son günlərdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistanda səfərdə olub, regiondakı durumu müzakirə edib.

“Oktyabrın 9-da Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik toxumu səpməyə davam edir.

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır”, o qeyd edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller oktyabrın 10-da ənənəvi brifinqdə Lavrovun bəyanatına cavabda deyib ki, ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir.

Miller əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.

Bununla yanaşı, oktyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan suverenlik, bərabərlik və qarşılıqlılıq əsasında Azərbaycan və Türkiyə ilə regional kommunikasiyaları açmağa hazırdır.

Forum

XS
SM
MD
LG