Accessibility links

Böyük Britaniya Azərbaycanda minatəmizələmə işlərinə 500 min funt sterlinq yardım ayırıb


Mina təmizlənməsi
Mina təmizlənməsi

“Böyük Britaniya hökuməti Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda minalara qarşı mübarizəni dəstəkləyir. Bu məqsədlə Böyük Britaniya hökuməti BMT-nin İnkişaf Proqramına 500 min funt sterlinq ayıracağını elan edib”.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Facebook səhifəsində video məlumat yayıb.

Səfir deyib ki, Böyük Britaniya hökuməti 2020-ci ildən başalayaraq Azərbaycanda minalarla mübarizəyə təqribən 1,5 milyon fund sterlinq yardım göstərib.

“Bu dəstəyin əsas hədəfi minalarla mübarizənin dörd situnu üzrə yerli potensialın yaradılması olub. Böyük Britaniya digər beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığa rəhbərlik edib. Böyük Britaniyanın dəstəyi ilə layihələr üzrə Tərtər, Füzuli, Ağdam və Goranboy rayonlarında 3185 ədəd partlamamış hərbi sursat müəyyən edilib. Beynəlxalq tərəfdaşlar və ANAMA ilə birgə keçirdiyimiz tədqiqatlar onu gəstərir ki, ərazidəki 187 kənddən 112-si hələ də yaşamaq üçün çox təhlükəlidir”, o qeyd edib.

Səfir bildirib ki, Böyük Britaniya minalarla mübarizənin məcbuti köçkünlərin və qaçqınların təhlükəsiz və davamlı şəkildə məskunlaşdırılması üçün vacib ilk addım olduğu fikrini dəstəkləyir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan təmizlənib.

“Son 34 ayda 303 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 246 nəfər isə yaralanıb", o qeyd edib.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlər azad edilmiş ərazilərdə yüz minlərlə mina və ya partlamamış hərbi sursat olduğunu guman edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2020-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.

Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.

Forum

XS
SM
MD
LG