Ağdamda "Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol" mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfrans işinə başlayıb. Tədbirin birinci günü Ağdamda, ikinci günü isə Bakıda baş tutacaq.
Konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda 50-dən çox ölkədən 190-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.
ANAMA-nin məlumatına görə, tədbirin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır.
"Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq və dəstəyin gücləndirilməsini hədəfləyir. Minatəmizləmə fəaliyyəti Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox vacibdir. Minatəmizləmə fəaliyyəti münaqişədən sonrakı bərpanı asanlaşdırır və uzunmüddətli davamlı inkişafı təmin etmək üçün əsas rol oynayır. Böyük irəliləyiş əldə olunsa da, minaların təmizlənməsi Azərbaycan üçün əsas problem olaraq qalır, çünki ölkə həm də münaqişənin təsirinə məruz qalmış ərazilərdə tarixi yenidənqurma və bərpa işləri aparır", məlumatda qeyd edilir.
Rəsmi məlumata görə, hazırda keçirilən 2-ci konfranns minatəmizləmə sahəsində çalışan geniş spektrli mütəxəssisləri, siyasətçiləri və beynəlxalq təşkilatları bir araya gətirərək, çağırışları və reallıqları müzakirə etmək üçün strateji dialoq platforması təklif edəcək, eləcə də davamlı inkişaf və sülhün sələfi kimi mina fəaliyyətinin mühüm rolunu təklif edəcək.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan təmizlənib.
"Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır. Son 32 ayda 302 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər isə yaralanıb", o bugünkü konfransda qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva deyib ki, minanın hazırlanması cəmi 1 ABŞ dollarına qədər, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi isə 1000 ABŞ dollarından baha başa gəlir.
"Minalar 60-dan çox ölkədə insanların təhlükəsizliyini, sağlamlığını, rifahını və həyatını təhdid edir. Bu baxımdan, daha çox həssas təbəqələr, o cümlədən qadınlar və uşaqlar əziyyət çəkirlər. 2022-ci il üçün "Landmine Monitor" hesabatına görə, təkcə 2021-ci ildə minalar 5544 nəfərin ölümünə və ya yaralanmasına səbəb olub. Azərbaycan kontekstində isə acınacaqlı reallıq məyusedicidir. 1991-ci ildən indiyədək Azərbaycanda 358-i uşaq və 38-i qadın olmaqla ümumilikdə 3377 nəfər minaların qurbanı olub", o qeyd edib.
Ekspertlərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
ABŞ-ın Azərbaycandakı səfirliyi Twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.