Yanvarın 21-də Azərbaycanın Ağdam rayonu (Bakıdan 332 kilometr qərb) ərazisində mina partlaması nəticəsində bir nəfər mülki şəxs xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupunun məlumatında deyilir ki, mina partlaması nəticəsində Ağcabədi rayon sakini Faiq Abışov ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
10 noyabr 2020-ci ildən indiyədək Qarabağ və onun ətrafında 324 nəfər minaya düşüb. Onlardan 66 nəfəri həlak olub.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ötən il dekabrın 14-də bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 90 min hektara yaxın ərazi minalardan təmizlənib.
"Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır", o qeyd edib.
Ekspertlərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.
ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
Forum