Accessibility links

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Azərbaycana buraxılmayıb


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Nik Guggeri (foto : X platforması)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Nik Guggeri (foto : X platforması)

Fevralın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Nik Guggerin Azərbaycana girişinə icazə verilməyib.

Bu barədə İsveçrə mediası məlumat verib.

Məlumata görə, Nik Guggeri Bakı Hava Limanından İsveçrəyə qaytarıldığı bildirilir.

“Orada baş verənlər qalmaqaldır,” Nik Gugger deyir. O, 30 saatdan çox yatmayıb. Gugger Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəsmi və akkreditə olunmuş seçki müşahidəçisi kimi səfər edib. Onun missiyası Prezident seçkisini müşahidə etmək və insan hüquqlarının pozulması barədə məlumat vermək olub. Gugger bu sahədə təcrübəyə malikdir, o, artıq Rusiya və Moldovada oxşar missiyalarda olub”, məlumatda qeyd edilir.

İsveçrə mediası yazır ki, o, şənbə gecəsi baş verənləri heç vaxt yaşamayıb.

“Bakıya enən kimi onu diplomatik girişdə uniformalı polis əməkdaşları saxlayıblar. Pasportunu müsadirə ediblər və ölkəyə girişinə icazə verməyiblər. İsveçrə nümayəndə heyəti də daxil olmaqla, ATƏT-in digər müşahidəçiləri problemsiz buraxılıblar”, İsveçrə mediası yazır.

Nik Gugger özü qarşılaşdığı bu durumu “acınacaqlı hal” adlandırıb.

“Azərbaycan rejiminin müşahidəçi missiyasını bu qədər rədd etməsi faktı eskalasiyanın yeni səviyyəsidir. Vəziyyət acınacaqlı idi”, o qeyd edib.

Nik Guggerin Qarabağ münaqişəsinə münasibətinə görə ölkəyə buraxılmadığı da vurğulanır.

İsveçrə mediasında qeyd edilib ki, ölkənin xarici işlər naziri İqnazio Kassisə fevralın 3-də Nik Guggerin Azərbaycandan geri qaytarılması haqda məlumat verilib.

Öz növbəsində İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirliyi bu məsələ ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verib.

“Səfirlik fevralın 3-də İsveçrə Milli Parlamentinin üzvü cənab Guggerlə bağlı insidentdən xəbərdardır və onunla müntəzəm əlaqə saxlamışdır. Səfirlik cənab Guggerə dəstək olmaq üçün səylər göstərmişdir. İsveçrənin Xarici işlər Federal departamenti Azərbaycan hakimiyyəti ilə bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə əlaqədədir”, səfirliyin məlumatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinə isə bununla bağlı şərhin olmadığını bildirib.

Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu təşkilatın missiyasının qısamüddətli müşahidəçisi Nik Guggerin Azərbaycana girişindən imtina olunduğunu təsdiqləyib.

“Hazırda dəqiq səbəb bizə məlum deyil, amma hakimiyyətə müraciət etdik və cavab gözləyirik”, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mətbuat katibi Katya Andruş Amerikanın Səsinin sorğusuna cavab olaraq deyib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə missiyasında iştirak etmək üçün müşahidəçinin ölkəyə mümkün girişi barədə qərarın qəbulunda rol oynamır. Bu, ezam edən dövlətlə ev sahibi ölkə arasında ikitərəfli məsələdir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG