Accessibility links

Seymur Həzi: Azərbaycanda baş verən prosesə seçki adı vermək çox çətindir


Seymur Həzi-AXCP sədr müavini
Seymur Həzi-AXCP sədr müavini

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində ölkədəki seçki mühiti, prezidentliyə namizədlərin təşviqat kampaniyası və seçkidən sonra gözləntilərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda seçki mühitini qanedici hesab etmək olarmı? Seçki kampaniyası dövründə namizədlərin və tənqidçilərin fikirlərini seçicilərə çatdırması üçün şəffaf mühit yaradılıbmı?

Seymur Həzi: Azərbaycanda hal-hazırda baş verən prosesə bir çox parametrlərinə görə seçki adını vermək çox çətindir. İlk növbədə Azərbaycanın əsas siyasi təşkilatlarının bu seçkiyə qatılmamasının səbəbləri bunu təyin edir. Seçki qanunvericiliyi müasir standartlara cavab vermir. Seçki komissiyaları prioritet əsaslarla, ən azı minumum şərtlərlə siyasi qüvvələr arasında təşkil olunmayıb. Heç bir seçki təbliğatı və ya anti-təbliğat prosesi hökümət tərəfindən stimullaşdırılmayıb. Namizədlərin iştirakına gəlincə, namizədlərin hamısı hökümətin "peykləridir". Mən hesab edirəm ki, onların hətta İlham Əliyevi tənqid eləmək azadlığı yoxdur.

Seymur Həzi: Azərbaycanda baş verən prosesə seçki adı vermək çox çətindir
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Amerikanın Səsi: Sizin təmsil etdiyiniz AXCP seçkiləri boykot edir. Seçkiləri boykot etməyinizin səbəblərini seçicilərə necə çatdıra bilirsiniz? Bunun üçün qanunvericilikdə nəzərdə tutulan hansı vasitələrdən istifadə edirsiniz?

Seymur Həzi: Azərbaycan Xalq Cəbhəsi Partiyası heç bir seçkini boykot etməyib. Çünki ölkədə baş verən hadisə, yenə deyirəm, seçki deyil. Bu bir teatrdır. AXCP məhz son qurultayında seçki tələb eləyib. Ədalətli, şəffaf, beynəlxalq standarlara uyğun, cavab verən, beynəlxalq müşahidəçilərin iştirak edə biləcəyi bir seçki tələb edib. Biz bu işi sosial şəbəkə vasitələri üzərindən əlimizdə olan informasiya resursları üzərindən həyata keçiririk və bizim boykotla bağlı apardığımız iş daha uğurludur. Çünki hökümət artıq xalqı seçkiyə gətirmək üçün bir çox qeyri-qanuni addımlar atmaq üzrədir. Mən hesab edirəm ki, onların bu addımları onu göstərir ki, müxalifətin seçkidə boykot çağırışı özünü doğrultmuşdur.

Amerikanın Səsi: Prezidentliyə namizədlər seçki fondlarına yığılan maliyyə ilə bağlı hesabtlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Sizcə bu maliyyə vəsaitləri ilə seçki kampaniyasını maliyyələşdirmək mümkündürmü?

Seymur Həzi: O rəqəmlər çox diqqətçəkicidir. O baxımdan, hakim partiyanın namizədinin seçki büdcəsi digər namizədlərin hamısının büdcəsindən çoxdur. Ən azı iki dəfə çoxdur. Ona görə də, düşünürəm ki, burada hər hansı bir maliyyə şəffaflığından, seçki prosesinin maliyyələşdirilməsinin şəffaflığından söhbət gedə bilməz. Bütün bunların hamısı inzibati qaydada müəyyən olunmuş rəqəmlərdir. İnzibati qaydada bir mərkəzdən idarə olunan prosesdir. Yəni burada biz hansısa bir rəqabət mühitində, həm də maliyyə rəqabəti mühitində keçən seçkidən danışa bilmərik.

Amerikanın Səsi: Azərbaycan prezidenti seçkiləri yeni dövrün başlanğıcı kimi təqdim edib. Siz necə düşünürsünüz?

Seymur Həzi: Mən hesab edirəm ki, burada yeni dövr deyəndə, İlham Əliyev daha çox seçkidən sonra nəzərdə tutduğu işləri təqdim etməyə çalışır. Mən düşünürəm ki, bu seçkilərdən sonra o bir çox populyar addımlar atmağa çalışacaq. Biz hamımız bunun şahidi olacağıq. Əslində seçki ərəfəsində Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərin gərginləşməsi də bunun siqnallarından biridir. O mətbuata müsahibəsində yeni milli ideologiyalardan danışırdı. Mən düşünürəm ki, o yeni milli ideologiyalar deyəndə də eyni şeyi nəzərdə tutur. Qərbdən və demokratik dünyadan uzaqlaşmaq, Mərkəzi Asiya ölkəsinə çevrilmək və Rusiyanın daha yaxın sateletinə çevrilmək siyasətini nəzərdə tutur.

Qeyd: Bu müxalifətdə olan AXCP sədrinin müavinin fikirləridir. Rəsmi Bakı ölkədə azad, demokratik və ədalətli seçkilər keçirmək üçün lazım olan mühitin yaradıldığını bəyan edib. Dövlət rəsmiləri söz, mətbuat, birləşmək azadlığının və digər fundamental hüquqların tam təmin edildiyini bildirir. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatında bildirib ki, prezidentlə bərabər bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib.

Forum

XS
SM
MD
LG