Accessibility links

REAL Partiyası və ATƏT-in seçki missiyası seçkinin keçirilmə şəraiti ilə bağlı müzakirə aparıb


İlqar Məmmədov və Ouen Mörfi (Mənbə: REAL Partiyası)
İlqar Məmmədov və Ouen Mörfi (Mənbə: REAL Partiyası)

Yanvarın 22-də Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin sədri İlqar Məmmədov Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkisini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ouen Mörfi ilə görüşüb.

REAL Partiyasının məlumatına görə, görüş zamanı seçkinin keçirilmə şəraitinə, o cümlədən siyasi və hüquqi iqlim məsələlərinə dair geniş müzakirə aparılıb.

“İlqar Məmmədov bir neçə aydan sonra təyin ediləcək parlament seçkisinin Respublikaçı Alternativ Partiyası üçün daha böyük siyasi önəm daşıdığını bildirdi. Missiya üzvlərinin və ekspertlərinin diqqətinə çatdırıldı ki, partiya hər kəsi prezident seçkisində səsverməyə çağırıb və bu çağırışın məqsədi vətəndaşların məhz parlament seçkisinə daha hazırlıqlı qatılmasına nail olmaqdır”, məlumatda qeyd edilir.

2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Prezidentlik uğrunda hazırkı prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparır.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Dekabrın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda prezident seçkilərində müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib. Müşahidə Missiyasının rəhbəri Ouen Mörfidir.

Müşahidə missiyası seçki kampaniyasının, səsvermənin və seçkilərin yekunlaşdırılması prosesinin monitorinqini aparacaq. Missiya 11 beynəlxalq ekspertdən ibarətdir. Bundan əlavə, seçki kampaniyası və seçkilərin monitorinqini 26 uzunmüddətli müşahidəçi həyata keçirir.

Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmçinin ATƏT-ə üzv ölkələrə sorğu göndərib ki, birbaşa seçki günü monitorinq üçün daha 280 qısamüddətli müşahidəçi göndərsinlər.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG