Accessibility links

Ekspert: Azərbaycanda akreditasiya olunmuş xarici jurnalistlər seçki tədbirlərində iştirak edə bilər


Azərbaycanda seçkilərdə medianın fəaliyyətinin müzakirəsi (Mənbə: AZƏRTAC)
Azərbaycanda seçkilərdə medianın fəaliyyətinin müzakirəsi (Mənbə: AZƏRTAC)

Yanvarın 11-də Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.

Forumda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, media təşkilatlarının və qurumlarının təmsilçiləri iştirak edib.

MSK üzvü Fuad Cavadov bildirib ki, medianın seçki prosesində iştirakı seçkilər elan olunandan sonra başlayır.

Onun sözlərinə görə, qanunvericilikdə konkret olaraq təşviqatla məşğul ola bilməyən dairələrdə subyektlər müəyyən olunub.

“Xarici KİV-lər, QHT-lər, kapitalının 30 faizi xarici şirkətə məxsus olan Azərbaycanda olan qurumlar təşviqatla məşğul ola bilməz. Eyni zamanda təşviqat aparanlar və mətbuat orqanları ilə bağlı da məhdudiyyətlər var”, o qeyd edib.

MSK üzvü sosial şəbəkələrin seçkilərdə rolundan danışarkən bildirib ki, sosial şəbəkələrdə vaxtından əvvəl təşviqat kampaniyasına başlanılmamalıdır.

“Eyni zamanda 18 yaşına çatmamış vətəndaşlar da təşviqatla məşğul ola bilməz”, Cavadov bildirib.

Audiovizual Şuranın sədri İsmət Səttarov deyib ki, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanı olaraq seçkiqabağı təşviqat dövründə monitorinqlər həyata keçirir.

“Seçki Məcəlləsi” ilə müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulması halında MSK qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və audiovizual yayımçıların, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq-mühafizə orqanlarına, məhkəməyə və Audiovizual Şuraya müraciət etmək hüququna malikdir”, o qeyd edib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun fikirncə, seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb.

“Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlib, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub”, o belə fikirləşir.

İsmayılov yeni “Media haqqında” qanuna istinadən deyib ki, Azərbaycanda media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı kimi məsələlərin daha təkmil formada nizamlanmasını ehtiva edir.

“Prezidentimiz məhz bu kimi amilləri nəzərdə tutaraq bildirmişdir ki, “vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. İnanırıq ki, dövlət başçımızın bu dəyərli tövsiyələrini əsas götürən Azərbaycan mediası seçki prosesini işıqlandırarkən növbəti dəfə öz peşəkarlıq səviyyəsini nümayiş etdirəcək”, o bildirib.

Media hüququ üzrə təhlilçi Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, media azad və demokratik seçkilərin keçirilməsində böyük rola sahibdir.

Xalid Ağaliyev
Xalid Ağaliyev

“Media seçkiönü, səsvermə prosesi, ondan sonrakı mərhələlərdə iştirak etmək imkanlarına sahib olmalıdır. Bu imkanları seçki qurumları, digər uyğun qurumlar təmin etməlidilər. İmkanlar hamı üçün - həm dövlət, həm də özəl medialar, jurnalistlər üçün bərabər şərtlərlə təmin edilməlidir. Bu imkanlar təmin edildiyində media azad və demokratik seçkilərdə öz rolunu yerinə yetirmiş sayılacaq”, o qeyd edib.

Xalid Ağaliyev: Yeni qanun əngəllər yaradır
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Təhlilçinin dediyinə görə, Azərbaycanın “Seçki Məcəlləsi” ümumən, qeyd etdiyi imkanların təmin edilməsinin əsaslarını müəyyən edib.

“Qanunvericilik seçki prosesində mətbuat azadlığına həssas yanaşılmasını, bu azadlığa hörmət bəslənilməsini açıq ifadə edib. Eyni zamanda qanunvericilik aydın mətnlə göstərib ki, öz peşə fəaliyyəti ilə məşğul olan media nümayəndələrinin işinə maneçilik yaradılmamalıdır, belə addımlar məsuliyyət yaradır. Qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycanda akreditasiya olunmuş xarici jurnalistlər və medialar da bu imkanlara, haqlara sahibdirlər”, o bildirib.

Ağaliyev eyni zamanda deyib ki, seçki prosesində “Seçki Məcəlləsi”ndə nəzərdə tutulmuş qaydada bütün media və jurnalistlərin iştirakına imkan yaradılması məsələsi yeni media qanunvericiliyi ilə müqayisədə problemlər yaradır.

“Media qanunu akreditasiya ilə bağlı yeni tənzimləmələr ortaya qoyub. Qanunun mətnindən də görünür ki, Mərkəzi Seçki Komissiyasında akreditasiya olunmaq imkanına yalnız media reyestrində qeydiyyatdan keçən jurnalist və medialar sahibdir.

“Əhəmiyyətli tədbirlərin keçirildiyi məkanlara daxil olmaq imkanı da məhz reyestrdə qeydiyyatdan keçən media və jurnalistlərə tanınır. Bu, problem doğurur. Ədliyyə Nazirliyində indiyə qədər qeydiyyatdan keçmiş KİV-lərin sayı 6 min civarındadır. Media reyestrinə daxil edilmiş mediaların sayı isə dəqiq bəlli deyil, ancaq Media Agentliyinin rəsmilərinin açıqlamalarına görə, belə mediaların sayı 200 civarındadır. Yerdə qalan minlərlə mediaların durumu aydın deyil. Onlar azad və demokratik seçkilərin keçirilməsinə öz töhfələrini verə biləcəklər, bilməyəcəklər, sual doğurur. Yeni qanun buna əngəllər yaradır. Ümumilikdə baxdıqda qanunvericilikdəki belə uyğunsuzluqlar medianın bütövlükdə öz mühüm rolunu oynaya biləcəyinə suallar yaradır”, təhlilçi qeyd edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG