“Kanal 13” internet televiziyasının aparıcısı və Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədr müavini Rüfət Muradlı Amerikanın Səsinə deyib ki, həbsdə olarkən “Kanal 13” televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi ilə bağlı şahid qismində dindirilib.
Rüfət Muradlı dekabrın 2-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə 30 sutka müddətinə həbs olunub. Yanvarın 1-də azadlığa buraxılıb.
“İnzibati həbsdə olanda Əziz bəylə bağlı müstəniq mənimlə görüşüb. Şahid ifadəsi vermişəm. 2014-cü ildə “Kanal 13”-də mənim “Soydaş adlı proqramım” olub. Heç bir təmannasız o proqramı hazırlamışıq. “Kanal 13” bizə soydaşlarımızla bağlı veriliş hazırlamaq üçün bir tribuna verib. Orada Güney Azərbaycanın, Borçalının, Qərbi Azərbaycanın, Zəngəzurun, Dərbəndin səsi olmuşuq. Dünya türklərinin səsi olmuşuq. Bu günə qədər də o proqram davam edir”, o qeyd edib.
Rüfət Muradlı deyib ki, fəaliyyətləri şəffaf olub.
“Bizim fəaliyyətimiz kifayət qədər şəffaf olub. İllərlə təmannasız fəaliyyətimiz olub. Bununla bağlı da fikirlərimi demişəm. Müstəntiqin soruşması da bununla bağlı idi. Mənə bir az təəccüblü gəldi ki, Əziz bəy qanunsuz torpaq zəbt etmə ittihamı ilə həbs edilib. Sonra “Kanal 13” ilə bağlı ifadə almaları bir az qeyri-adi idi. Sonra məlum oldu ki, Əziz bəyə əlavə qaçaqmalçılıq ittiham irəli sürülüb. Soruşmaları bununla bağlı olub. Biz nə qaçaqmalçıyıq, nə xuliqanıq, nə də dələduzuq”, “Kanal 13” internet televiziyasının aparıcısı əlavə edib.
Onun sözlərinə görə, “Kanal 13” Azərbaycanın ən böyük internet televiziya resursudur.
“Hələ ki, istintaq gedir. Mənimlə yenidən görüşəcəklər”, o deyib.
Jurnalist fəaliyyətini davam etdirməsinə gəldikdə, Rüfət Muradlı hələlik səhhətinin buna imkan vermədiyini bildirib.
“Əslində sağlıq durumum da buna imkan vermir. Həbsdən çıxandan sonra, doğrusu 6 gündür müalicə alıram. Daha sonra “Kanal 13”ün rəhbərliyi ilə bununla bağlı qərar verəcəyik”, jurnalist bildirib.
Jurnalist ona qarşı irəli sürlən ittihamları qəbul etmir.
“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
“Kanal 13”-ün əməkdaşı Rüfət Muradlı dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.
Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13” internet tetelviziyasına giriş məhdudlaşdırılıb.
“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.
Azərbaycanda son günlərdə 9 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Forum