Dekabrın 26-da Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” saytının jurnalisti Nərgiz Absalamovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.
Bu barədə Amerikanın Səsinə onun vəkili Şəhla Hümbətova bildirib.
Vəkilin sözlərinə görə, jurnalistin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur və qanuni deyil.
“Məhkəmə bizi və ittiham tərəfini dinlədi. Vəsatəti təmin etmədi”, vəkil deyib.
Şəhla Hümbətovanın sözlərinə görə, bugünkü məhkəmə prosesində jurnalist Nərgiz Absalamova da iştirak edib.
“Nərgiz Absalamova məhkəmədə çıxış etdi. O dedi ki, heç bir əsas olmadan jurnalist fəaliyyətinə görə ittiham edirlər. Təqsirli deyil”, vəkil bildirib.
Saxlanılma ilə bağlı məsələyə aydınlıq gərtirən vəkil qeyd edib ki, jurnalistin saxlanılma ilə bağlı xüsusi şikayəti olmayıb.
“Amma ilk gündən bir şikayəti var. Siz bilirsiniz ki, Nərgiz Absalamova bir il əvvəl aksiyada yıxılıb. Onun onurğasında əməliyyat keçirilib. Ona görə də, təcridxanada Nərgizə verilmiş döşək onun üçün narahatdır və ağrılar verir. Bu səbəbdən döşəyi dəyişiblər. Amma o da onun üçün kifayət deyil. Ortopedik döşək olmalıdır. Amma icazə verilmir. Ona görə bel ağrılarından şikayət edir. Digər məsələ isə su ilə bağlıdır. Orada su saatla verilir. İsti su isə həftədə iki dəfə verilir. Əlbəttə bu gigeyena üçün yetərli deyil. Bundan şikayət edir”, vəkil əlavə edib.
Onun sözlərinə görə, yaxın günlərdə Nərgiz Absalamovanın ailə üzvlərinə, görüşlərinə, telefon əlalərinə məhdudiyyət qoyulması ilə bağlı şikayətə baxılacaq.
“Həmçinin vəkilə zəng etmək icazəsi verilmir. Bundan da şikayət verəcəm. Bir də məhkəmə iclasında mənə məlumat verildi ki, həm də Nərgiz Absalamovanın və bu işdə ittiham olunan digər şəxslərin telefon danışılqlarının götürülməsinə dair qərar var. Mən bundan da ayrıca şikayət verəcəm”, Hümbətova bildirib.
Nərgiz Absalamova noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” saytının jurnalistləri onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri, xüsusən də yüksək səviyyəli məmurların korrupsiyasına dair araşdırmaları ilə əlaqəli olduğunu qeyd edir.
“Jurnalistlər ictimai maraqlara xidmət edən reportajlarına görə cəzalandırılmamlı və ya diplomatik çəkişmələrə alət edilməməlidir. Azərbaycan hakimiyyəti Nərgiz Absalamovanı, onun “Abzas Media”dan olan həmkarlarını və bütün digər haqsız yerə həbs edilən jurnalistləri dərhal azad etməlidir”, Jurnslistləri Müdafiə Komitəsinin (CPJ) yaydığı bəyanatda deyilir.
Daha əvvəl “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytla əməkdaşlıq edən Məhəmməd Kekalov “qaçaqmalçılıq” ittihamı ilə tutulub, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs-qətimkan tədbiri seçib.
Noyabrın 28-də daha bir jurnalist - “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb. Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.
Forum