Accessibility links

Əziz Orucov ev dustaqlığına buraxılmayıb


Əziz Orucov, “Kanal 13” internet televiziyasının rəhbəri
Əziz Orucov, “Kanal 13” internet televiziyasının rəhbəri

Dekabrın 27-də Səbail Rayon Məhkəməsində “Kanal 13” internet televiziyası rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılmasına dair vəsatətə baxılıb.

Vəkil Bəhruz Bayramov bildirib ki, müdafiə tərəfi vəsatəti onun ittiham edildiyi hərəkətlərdə cinayət tərkibinin olmaması ilə əsaslandırıb:

"Hətta Orucovun cinayət məsuliyyətinə cəlb edilməsi əsaslandırılmış olsaydı belə, istintaq müddətində onu həbsdə saxlamağa ehtiyac yoxdur. İstintaq Əziz Orucovun azadlıqda olarkən gizlənə biləcəyinə və ya istintaqa mane ola biləcəyinə dair əsaslı sübutlar təqdim etməyib", - vəkil qeyd edib.

Vəkil Aqil Layıcın sözlərinə görə, məhkəmə prosesi zamanı müdafiəçilərin Əziz Orucovla ünsiyyət məxfiliyi pozulub. Belə ki, mühafizəçilər şüşə qəfəsin qarşısında dayanıblar və vəkillərin Orucovla danışmasına imkan verməyiblər.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13”-ün əməkdaşı Rüfət Muradlı dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Azərbaycanda son günlərdə 9 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG