Accessibility links

Ülvi Həsənli: Hökumətin bizə münasibəti hərbi əsirlərə münasibətindən daha kəskindir


Ülvi Həsənli
Ülvi Həsənli

"Abzas Media"nın hazırda həbsdə olan direktoru Ülvi Həsənli ictimaiyyətə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılma şəraiti ilə bağlı məktub ünvanlayıb. Sosial şəbəkələrdə paylaşılan məktubda saytın rəhbəri özünün, həmçinin "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı, saytın əməkdaşları Nərgiz Absalamova, Hafiz Babalı və Məhəmməd Kekalovun izolyasiyada olduğunu qeyd edib.

"Ailələrimizlə nə telefon danışığına, nə də görüşə imkan verilir. Hətta vəkillərimizə, Ombudsmana zəng etməyə, yaxınlarımıza məktub yazmağa belə qadağa var. Ailələrimizdən gələn kitabları da bizə vermirlər. Əllərində olsa yaxınlarımızın gətirdiyi bir tikə çörəyi də buraxmazlar. Sadəcə aclıq etməyimizi heç istəmirlər deyə hələlik yeməyimizə dəymirlər", deyə Həsənli qeyd edib.

Ülvi Həsənli məktubunda bildirir ki, hökumət azad jurnalistlərə, tənqidçilərə düşmən münasibəti göstərir:

"Hökumətin bizə münasibəti hərbi əsirlərə münasibətindən daha kəskindir. Onlara heç olmasa ayda bir dəfə ailələri ilə telefon danışığına şərait yaradılır, bizə isə heç o da yoxdur. Bunun səbəbi aydındır. Hökumət azad jurnalistlərə, tənqidçilərə, həqiqəti dilə gətirənlərə nifrət edir, düşmən münasibəti göstərir, amma belə olmamalıdır. Hökumət nümayəndələri başa düşməlidir ki, tənqidin, azad sözün qarşısını tam almaq mümkün deyil. Haqq incələr, amma üzülməz. Bayramınız mübarək! Möhkəm olun, sözünüzü deməkdən çəkinməyin".

İddialarla bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Xatırlatma

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə, ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Jurnalist Nərgiz Absalamova isə noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. "Abzas Media"nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da "qaçaqmalçılıq" ittihamı irəli sürülüb.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG