Accessibility links

Siyasi Məhbuslar Monitorinq Mərkəzi: Azərbaycanda azadlıqlar pozulub, siyasi məhbusların sayı artıb


Elşən Həsənov
Elşən Həsənov

Siyasi Məhbuslar Monitorinq Mərkəzinin açıqladığı yeni hesabatda 2023-cü ildə Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin pisləşməkdə davam etdiyi, ölkədə fundamental azadlıqların pozulduğu, siyasi məhbusların sayının artdığı bildirilir.

Xüsusən, hesabatda toplaşmaq azadlığına qoyulmuş faktiki qadağanın davam etdiyi, hakimiyyətin müxalifətin etiraz aksiyalarına razılıq verməkdən imtina etdiyi, dinc nümayişlərin, piketlərin dağıdıldığı qeyd edilir.

“Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti feministlərin martın 8-də Bakının mərkəzində keçirməyi planlaşdırdığı aksiyaya icazə verməyib. Avqustun 1-də polis kuryerlərin həmkarlar ittifaqının etiraz aksiyasını dağıdıb. İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində kənd sakinlərinin qızıl müəssisələrinin ətraf mühiti çirkləndirməsinə qarşı etiraz aksiyası amansızlıqla dağıdılıb. Söyüdlü sakinlərinin narahatlıqlarının və tələblərinin əsaslı olduğunu bildirən kemiş deputat, sahibkar Nazim Bəydəmirli iyulun 4-də rüşvət tələb etmə ittihamı ilə həbs edilib”, sənəddə qeyd edilir.

Eyni zamanda, hesabatda birləşmək azadlığının məhdudlaşdırıldığı qeyd edilir. Xüsusən, “Siyasi partiyalar haqqında” yeni qanunun “mürtəce normaları” ilə əlaqədar bir çox partiyanın öz fəaliyyətinə son qoymaq məcburiyyətində qaldığı bildirilir. Bəzi müxalifət partiyalarına qarşı sənədlərin yoxlanılması zamanı əsassız iddialar irəli sürülüb. Onlar ən son tarixdə yenidən qeydiyyata alınıb.

“Qeydiyyatından imtina olunan Azərbaycan Demokratiya və Rifah Partiyasının lideri Qubad İbadoğlu isə 2023-cü ilin iyulunda uydurma ittihamla həbs olunub. İlin sonunda müstəqil mətbuata qarşı repressiyalar başlayıb, xüsusən, 10-a yaxın jurnalist, o cümlədən Abzas Media-nın əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, araşdırmaçı jurnalist Hafiz Babalı, Kanal-13-ün rəhbəri Əziz Orucov və Kanal 11-in rəhbəri Teymur Kərimov həbs edilib”, sənəddə qeyd edilir.

Eyni zamanda, hesabatda inanclı insanlara və dini fəallara qarşı repressiyalara toxunulur, onların “şablon qanunsuz narkotik dövriyyəsi“” ittihamı ilə həbs edildiyi bildirilir.

"Vətəndaş cəmiyyəti faktiki olaraq məhv edilib, fəalların və hüquq müdafiəçilərinin əksəriyyəti həbslərdən yayınaraq xaricə gedib, televiziya, radio və mətbuat hakimiyyətin nəzarəti altındadır, məhkəmələr siyasi elitadan asılıdır, müstəqil vəkillər Vəkillər Kollegiyası vasitəsilə lisenziyalarını itirirlər. Yeni qanunlar icra hakimiyyətinə "tabe olan" parlament tərəfindən verilir, xalqın maraqlarını əks etdirmir. Azərbaycanın idarəçilik metodları getdikcə daha çox Rusiyadakı Putin rejimini xatırladır", deyə hesabatda qeyd edilir.

Siyasi Məhbuslar Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. Mərkəzə Elşən Həsənov rəhbərlik edir.

Rəsmi Bakı hesabatda qeyd edilən iradların heç birini qəbul etmir və qərəzli sayır. Ölkə rəhbərləri insanların iradəsinə görə təqib edilmədiyini, insanların bütün fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bəyan edir.

Bununla yanaşı, Azərbaycan beynəlxalq azdlıq indeksində 180 ölkə arasında 151-ci sırada yer alıb. Beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Azərbaycanı insan hüquq və azadlılarının pozulmasına görə qınayan bəyanatlarla çıxış edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG