Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir.
Bəs Azərbaycan insan hüquqlarının vəziyyəti ilə bağlı vətəndaş cəmiyyəti nə düşünür?
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlı bildirir ki, Azərbaycan insan hüquqları ilə bağlı vəziyyət müəyyən zamanlarda iqtisadi, geopolitik vəziyyətdən asılı olaraq hansısa addımlar atılır, amma ümumi olaraq vəziyyət heç də yaxşı olmayıb.
"Müəyyən dövrlərdə mesajlar verilirdi ki, Azərbaycanın Qarabağ problemi var və ona görə demokratik islahatlara gedə bilmir. Lakin biz 3 ildən artıqdır ki, Qarabağ problemini həll etmişik, ancaq yenə də müsbətə doğru addımlar atılmasını görmürük. Seçkilərlə bağlı problemlər qalmaqdadır, vətəndaşların seçki yolu ilə öz hakimiyyətlərini qurmaq hüququ məhdudlaşdırılıb, birləşmək azadlığı 10 ildir ki, tamamilə məhdudlaşdırılıb, toplaşmaq azadlığına da demək olar ki, icazə verilmir. Hətta pandemiya bəhanəsi ilə 3 ildir ki, vətəndaşların hərəkət azadlıqları məhdudlaşdırılıb, yəni quru sərhədlər bağlı saxlanılır", o bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, problemlər təkcə fundamental azadlıqlarla bitmir, vətəndaşlar həm iqtisadi, həm sosial problemlərdən də əziyyət çəkirlər.
"İnsanların sosial problemləri həll olunmur, bu müxtəlif zamanlarda sosial şəbəkələrdə, mediada öz əksini tapır. Ciddi şəkildə sosial ədalətsizlik var, müəyyən bir zümrənin iqtisadi yaşamı təmin olunub, vətəndaşların böyük hissəsinin gəlirləri çox aşağıdır, bura həm əməkhaqqı, həm də təqaüd məsələsini aid etmək olar. Təhsil hüququ ilə bağlı da ciddi problemlər qalmaqdadır. Vətəndaşların Konstitusiyada göstərilən əsas hüquqları hələ də təmin olunmur. O cümlədən mülkiyyət hüququnu da qeyd etmək olar. Ölkədə xeyli sayda evlər var ki, bunların sənədləşdirilməsi ilə bağlı problemlər var, bu da vətəndaşlara ciddi problemlər yaradır. Azərbaycanda siyasi azadlıqlarla bağlı ciddi məhdudiyyətlər var. Bu problemləri dilə gətirən, bu problemləri işıqlandıran insanlar təqiblərə, təzyiqlərə məruz qalırlar, onlar həbs olunurlar, işgəncəyə məruz qalırlar. Buna görə də ölkədə 200-dən artıq siyasi məhbus var. Bu problemlər həll olunmur və qalmaqda davam edir" -deyə, Bəşir Süleymanlı bildirib.
Jurnalist Arzu Qeybullayeva hesab edir ki, sadəcə bu ili yox, ümumiyyətlə son 3 ili dəyərləndirəndə Azərbaycanda insan hüquqları deyə bir şey yoxdur.
"Daha əvvəl də yox idi, sadə vətəndaşın hüquqları qorunmayıb, qorunmur və qorunmayacaq. Çünki hakimiyyətin gözündə vətəndaşlar günah keçisidir. Ölkə rəhbərliyi isə Azərbaycanı öz xəyal dünyalarında heç bir iqtisadi, sosial, çətinliklərin olmadığı, vətəndaşların heç bir problemlə üzləşmədiyi, bütün azadlıqların təmin edildiyi bir ölkə kimi təqdim edirlər. Bu xəyalda vətəndaş cəmiyyətinin heç bir basqı ilə üzləşmədiyi təsəvvürünü yaradırlar, üzləşəndə isə onları sadəcə cinayətkar adlandırırlar. Bu mənə Absurdistan kitabını xatırladır", o bildirib.
Jurnalist deyir ki, sanki Azərbaycanda paralel iki dünya var və sadəcə biri reallıqdır.
"Bu reallıqda həm sadə vətəndaş, həm də vətəndaş cəmiyyəti hökumətin gözündə və əlində alver predmeti kimi görünür. Onları sayan yoxdur, hörmət edən yoxdur, onları qoruyan da yoxdur. Bu uzun illərdir ki, belədir və hökumətin dilində, çıxışlarında, bunun əksini iddia edən hamı yalan danışır. Yaradılmış vəziyyətin ən ağla sığmaz tərəfi isə bunun normallaşdırılmasıdır. Üç meymun məsələsi kimi" - deyə, Arzu Qeybullayeva qeyd edir.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı siyasi böhran yaşanır.
"Bu böhran əfsuslar olsun ki, ilbəil daha da dərinləşir. Vətəndaşların təməl hüquqlarının, mülki hüquqlarının müdafiəsində məhkəmələrin, hüquq mühafizə orqanlarının iştirakı olduqca aşağıdır. Siyasi hüquqların müdafiəsindən isə söhbət gedə bilməz. Siyasi hüquqların daha çox pozulmasında iştirak edən elə dövlətin özüdür, dövlətin müvafiq qurumlarıdır. Hüquq mühafizə orqanlarından tutmuş müxtəlif dövlət qurumlarına qədər, o cümlədən ədliyyə sistemində Azərbaycan vətəndaşlarının siyasi hüquqları kütləvi şəkildə pozulur. Siyasi hüquqlar dedikdə daha çox ifadə azadlığı, birləşmək azadlığı, sərbəst toplaşmaq azadlığı, vətəndaşların ictimai-siyasi həyatda iştirak hüququ kütləvi şəkildə pozulduğu üçün mən ümumilikdə ölkədəki insan hüquqlarının vəziyyətinin böhranlı sayardım", o deyib.
Sərhədsiz Reportyorlar təşkilatının Ümumdünya Mətbuat Azadlığına dair builki hesabatında Azərbaycan 180 ölkə içərisində 151-ci yeri tutub.
"Freedom House" insan hüquqları təşkilatının "Keçid Ölkələri – 2023" adlı hesabatında isə Azərbaycanın avtoritar rejimlər siyahısında olduğu qeyd edilib.
Azərbaycan hakimiyyəti isə ölkədə bütün fundamental hüquların tam bərpa edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bildirir, siyasi hakimiyyət tənqidləri qəbul etmir və qərəzli hesab edir.
Forum