Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili Tofiq Yaqublunun qızı ilə görüşüb


Hüqo Gevara və Nigar Həzi (Mənbə: ABŞ səfirliyi)
Hüqo Gevara və Nigar Həzi (Mənbə: ABŞ səfirliyi)

Dekabrın 21-də ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara Tofiq Yaqublunun son həbsi ilə bağlı onun qızı Nigar Həzi ilə görüşüb.

Bu barədə ABŞ səfirliyi X platformasında məlumat yayıb.

“Birləşmiş Ştatlar fundamental azadlıqlarından istifadə edənlərin son həbslərindən dərin narahatlığını ifadə edir və onların dərhal azad edilməsinə çağırır”, məlumatda deyilir.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib.

2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 200-dən çox şəxs həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG