Accessibility links

ABŞ səfirliyi Tofiq Yaqublunu həbsdən azad etməyə çağırır


Tofiq Yaqublu
Tofiq Yaqublu

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan hökumətini Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən azad etməyə çağırıb.

“Tofiq Yaqublunun həbsi və saxlanması bizi çox narahat edir. Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olanların hamısını azad etməyə çağırırıq”, ABŞ-ın Azərbaycandaklı səfirliyi dekabrın 18-də X sosial media platformasında qeyd edib.

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 8 jurnalist həbs edilib. 2023-cü ilin iyul ayından iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), ötən ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla iki yüzdən çox insan həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Rəsmi Bakı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG