Accessibility links

Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan Samir Aşurova hökm oxunub 


Samir Aşurov
Samir Aşurov

Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan deportasiya edilərək Azərbaycana qaytarılan və aprelin 19-da Bakıda həbs edilən Samir Aşurova hökm oxunub.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə açıqlamasında bildirib ki, hakim Samir Aşurovun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

“Vəkil Elçin Sadıqov çıxış etdi. O bildirdi ki, şahidlərin və zərərçəkənin çıxışlarında kifayət qədər uyğunsuzluqlar var. Samir Aşurov özü də çıxış etdi. O, həbsinin siyasi sifariş olduğunu, bu həbsin onun Almaniyadakı fəaliyyəti ilə əlaqəli olduğunu qeyd etdi”, o bildirib.

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). Bu ittihamla o, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.

İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar. 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb.

Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Forum

XS
SM
MD
LG