Accessibility links

ABŞ-ın Nyu Cersi ştatının senatoru Azərbaycana qarşı sanksiya nəzərdə tutan qanun layihəsi təqdim edib


Amerikanın Nyu Cersi ştatının Demokrat senatoru Endryu Tsviker noyabrın 30-da insan hüquqlarının pozulmasına və ilk növbədə iqtisadçı alim Qubad İbadoğlunun həbsinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 qanun layihəsini irəli sürüb.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Məlumata görə, qanun layihəsi artıq Ştatın Senat komissiyasının təqviminə salınıb.

Qanun layihəsində deyilir ki, Nyu Cersi ştatı Azərbaycanda həbs edilmiş doktor Qubad İbadoğlunun vəziyyətindən və hüquqlarından "həddindən artıq narahatdır".

"Cənab Qubadoğlu yaxşı idarəçiliyi və dövlətin maliyyə vəsaitlərinin şəffaflığını təşviq edən hörmətli iqtisadçıdır. O, bütün dünya ilə təcrübəsini bölüşüb və Avropa və ABŞ-da müxtəlif ali təhsil müəssisələri, o cümlədən Rutgers, Nyu Cersi Dövlət Universiteti və Prinston Universiteti ilə əlaqəsi olub. Elmi fəaliyyəti ilə yanaşı, doktor İbadoğlu Azərbaycan hökumətini tənqid edən görkəmli siyasi fəaldır", sənəddə bildirilir.

"Hakimiyyət İbadoğlunu 2023-cü ilin iyulunda saxta pul hazırlama, əldə etmə və ya satma ittihamı ilə həbs edib. İbadoğlunun həbsi "Azərbaycanda çoxdan mövcud olan hökumətin tənqidçilərinə qarşı saxta ittihamlar irəli sürülməsi tendensiyasını, demokratik söz azadlığı prinsipinə zidd olan tendensiyanı davam etdirib", sənəddə deyilir.

"Nyu Cersinin qanununun insan hüquqlarının pozulduğu digər ölkələrlə hökumət münasibətlərini qadağan etdiyini nəzərə alaraq, Azərbaycana qarşı da eyni siyasəti yürütmək ştatın maraqlarına uyğundur", qanun layihəsində bildirilir.

Qanun layihəsi qəbul edilsə, Azərbaycanla bağlı olan müəssisələrlə dövlət sövdələşmələri qadağan ediləcək.

Azərbaycanda və ya Azərbaycanla işləyənlər Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək və onun Nyu Cersi ştatında aşağıdakı fəaliyyətləri qadağan ediləcək:

- dövlət orqanları ilə müqavilə bağlamaq;

- ictimai işlər üçün hüquqa malik olmaq;

- iqtisadi inkişaf üçün subsidiyalar almaq;

- əmlak üçün bələdiyyə vergisində imtiyazlar əldə etmək;

- vergilərdən azad edilmək üçün ərizə vermək və arayış almaq;

- şəhərlərin abadlaşdırılması işləri üçün sertifikata malik olmaq.

Bundan başqa, qanun layihəsi dövlətin Azərbaycan hökumətinin sərmayəyə malik olduğu şirkətlərə pensiya fondu investisiya etməyi qadağan edir.

O, həmçinin dövlətin və onun bölmələrinin Azərbaycan hökuməti ilə səhmdar əlaqələri olan maliyyə müəssisələri ilə bank əməliyyatları həyata keçirməsini, sərmayədə səhm, borc öhdəliyi və ya digər investisiyalara malik olmağı onlara verilmiş sığorta ödənişini dəstəkləməyi qadağan edir.

Nyu Cersinin sıx məskunlaşmış Nyuark şəhəri uzun müddət Azərbaycanın ikinci şəhəri olan Gəncə ilə qardaşlaşmış şəhər olub.

Azərbaycan hökuməti ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların iradəsinə görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

İqtisad elmləri doktoru Qubad İbadoğlu barəsində bu il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG