Accessibility links

"Time TV" Media Qrupu əməkdaşının həbsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib


Azərbaycanda azad mətbuata qarşı son təzyiqlərlə bağlı "Time TV" media qrupu beynəlxalq təşkilatlara müraciəti edib. Media qrupun müraciəti onunla əməkdaşlıq edən Teymur Kərimovun həsbindən bir gün sonraya təsadüf edir.

Sənəddə deyilir ki, bir ildən artıqdır "Time TV" media qrupunun Bakı təmsilçisi kimi fəaliyyət göstərən reportyor Teymur Kərimov saxlanılaraq haqqında həbs qətimkan tədbiri seçilib.

"Kərimovun yaxınları bildiriblər ki, o saxlanılarkən fiziki və psixoloji təzyiqə məruz qalıb. Kərimovun həbsilə yanaşı, ölkə xaricində fəaliyyət göstərən internet kanallarının əməkdaşları ciddi basqılara məruz qalır. Onlara müxtəlif bəhanələrlə dövlət qurumları tərəfindən təzyiq göstərilir", müraciətdə qeyd edilir.

Müraciətdə bildirilir ki, son günlər Azərbaycan dilli azad mediaya qarşı təzyiqlər artıb, faktiki olaraq internet mediasının fəaliyyəti məhdudlaşdırılıb.

"Abzas Media"nın direktoru Ülvi Həsənlinin, baş redaktoru Sevinc Vaqifqızının, əməkdaşları Nərgiz Absalamova və Məhəmməd Kekalovun həbsindən sonra digər müstəqil reportyorlar hədəf alınıb, onların fəaliyyəti məhdudlaşdırılıb. "Kanal 13"-ün Bakı Bürosunun rəhbəri Əziz Orucov həbs edilib”, sənəddə deyilir.

"Time TV" media qrupu hesab edir ki, Azərbaycan dilli azad internet mediasının ölkə daxilində tam məhdudlaşdırıldığı açıq görünür.

"Bu medialara məxsus saytlar məhkəmə qərarı olmadan siyasi sifarişlə bloklanırlar. "Time TV" Media Qrupa məxsus timetv.live saytına giriş artıq 2 ildən artıq bir müddətdə Azərbaycanda bloklanıb. Sayt dəfələrlə haker hücumlarına məruz qalaraq fəaliyyətini dayandırmaq zorunda qalıb".

"Time TV" media qrupu 3 ildir fəaliyyət göstərir. Qrupun rəhbəri ölkə daxilində saytları bloklanmış "Azadlıq" qəzetinin mühacirətdə olan müxbiri Fikrət Hüseynlidir. Müşahidəçilərin fikrincə, "Time TV" fəaliyyətində alternativ tənqidi fikirlərə daha çox istinad edən medialardandır.

"Time TV-nin söz azadlığı və tərəfsiz informasiya əsas prinsipdir. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti tərəfindən basqılara məruz qalır. Bu üzdən biz beynəlxalq qurumlara müraciət edərək, Azərbaycanda jurnalistlərin saxta ittihamlarla həbsinə biganə qalmamağa, bununla bağlı lazımi addımlar atmağa və bizə dəstək göstərməyə çalışırıq. Əgər, bu dəstək indi olmasa, bir müddət sonra Azərbaycan dilli azad media ümumiyyətlə mövcud olmayacaq. Necə ki, indi Azərbaycanda azad televiziya və ya qəzet yoxdur", müraciətdə qeyd edilir.

Dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Teymur Kərimov həmçinin "Kanal 11" internet televizyasının rəhbəridir.

Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 (Hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

Vəkil Nemət Kərimli bildirib ki, təqdimata görə o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib.

"Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyir. O həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bəyan edir", Nemət Kərimli qeyd edib.

Forum

XS
SM
MD
LG