Accessibility links

"Kanal 11" internet televiziyasının rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib


Teymur Kərimov
Teymur Kərimov

Dekabrın 12-də Bakının Nərimanov Rayon Məhkəməsi "Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə Amerikanın Səsinə onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərinə görə, Teymur Kərimova 182.2.2 və 182.2.4 (Hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

“Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib", vəkil deyib.

Nemət Kərimli qeyd edib ki, bugünki məhkəmədə "Kanal 11" internet televiziyasının rəhbəri həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

“Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliynin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib”, vəkil əlavə edib.

Vəkil Teymur Kərimovun döyülməsi ilə bağlı prokurorluğa müraciət edəcəyini bildirib.

Nemət Kərimli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini də istisna etməyib.

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən hələlik şərh almaq mümkün olmayıb.

"Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

"Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır", o qeyd edib.

"Kanal 11" internet televiziyasının bəyanatında deyilir ki, Teymur Kərimov "Kanal 11" və "Azad Söz" internet televiziyalarında yayımlanan Daşkəsən rayon icra hakimiyyətinin keçmiş başçısı Əhəd Abıyevlə bağlı video-reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Belə ki, evinə polis nəfəri gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə adların səhv düşdüyü deyilib. Bundan əlavə, o dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə çağırılıb və ya ona video-reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib", bəyanatda bildirilir.

Sənəddə deyilir ki, bundan sonra Teymur Kərimov qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədəf alınıb.

"Teymur Kərimov yenə video-reportajların silinməsi üçün hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün dəvət edilib. Son bir ildə Azərbaycanda azad söz naminə mübarizə aparan, vətəndaşların haqq səsini çatdırmağı özlərinə borc bilən kifayət qədər jurnalist həbs olunub. Son günlərdə bunun nümunəsi "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalist Nərgiz Absalamova, "Kanal 13" internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, yenə sözügedən kanalın əməkdaşı Rüfət Muradlıdır. Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır", internet televiziyasının bəyanatında bildirilir.

Forum

XS
SM
MD
LG