Accessibility links

Jurnalistlərin ailə üzvləri ilə görüşə qoyulan qadağalar qüvvədə qalıb


Sevinc Vaqifqıvı və Ülvi Həsənli
Sevinc Vaqifqıvı və Ülvi Həsənli

Dekabrın 8-də Xətai rayon məhkəməsində "Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlinin ailə üzvləri ilə görüşməsinə və telefon danışıqlarına qoyulmuş qadağadan verdiyi şikayət üzrə proses keçirilib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, hakim şikayəti təmin etməyib:

Xətai rayon məhkəməsi jurnalistin şikayətini təmin etməyib
please wait

No media source currently available

0:00 0:01:23 0:00

"23 noyabrda Ülvi Həsənliyə öz ailəsi ilə görüşməyə və telefonla danışmağa qadağa qoyulmuşdu. Biz bu qərarla Bakı İstintaq Təcridxanasında tanış olmuşduq. Ülvi Həsənlinin həyat yoldaşı, övladı, 2 bacısı və anası var. Təsəvvür edin ki, müstəntiq ailə üzvləri ilə görüşünə qadağa qoyub. O övladı ilə bağlı heç bir məlumat ala bilmir. Həmin qərardan şikayət vermişdim, bu gün şikayətə baxıldı. Ülvi Həsənli özü məhkəmədə iştirak etmirdi. Mən öz arqumentlərimi səsləndirdim. Müstəntiqin heç bir əsaslandırması yoxdur. O izah edə bilmir ki, nə üçün Ülvi Həsənli öz 1 yaşlı övladı ilə həftədə bir dəfə 4 saat müddətində görüşə bilməz. Məhkəmə bizim arqumentlərimizi qiymətləndirmədi"- vəkil qeyd edib.

Zibeydə Sadıqova bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Dekabrın 6-da isə "Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının da ailə üzvləri ilə görüşməsinə qoyulan qadağadan verdiyi şikayət üzrə proses keçirilib.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən proses nə vəkilə, nə müstəntiqə, nə də Sevinc Vaqifqızına xəbər verilmədən baş tutub:

"Məhkəmə şikayəti təmin etməyib və qadağanı qüvvədə saxlayıb. Mən qərarı sonradan öyrəndim", deyə vəkil bildirib.

Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG